Nə xərc azalır, nə keyfiyyət yüksəlir

Nə xərc azalır, nə keyfiyyət yüksəlir

-- Azərbaycanda bir xidmət böhranı yaşanır

"Qafqazinfo.az" da  "Azərbaycanda bir xidmət böhranı yaşanır" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif əsasən ölkənin turizm sahəsindəki keyfiyyətsizlikləri hədəfə alsa da bu halın bütün xidmət sahələrində baş alıb getdiyini iddia edir.
 
Məqalə müəllifi deyir ki, hazırda turizmi inkişaf etdirmək Azərbaycan dövlətinin prioritetlərindən biridir, bununla belə, bu sektordakı keyfiyyətsiz xidmət problemi illərdir heç cür aradan qaldırılmır: "Turizm məktəblərinin açılması da bu sahədə hansısa ciddi dəyişikliyə səbəb olmyıb. Turizm obyektlərində gələn xarici turistlərə kələk gəlməyə davam edilir".
 
Yazı müəllifinin iddiasına görə, yüksək ulduzlu otellər də adına layiq xidmət göstərmirlər "Reallıq budur ki, 4-5 ulduzlu müəssisələrin xidmət səviyyəsi heç normal 2 ulduzlu ilə belə uyğun deyil. Nə yeməklərin keyfiyyətinə baxan var, nə vaxtında çatdırılmasına, nə qonaqların rahatlığına. Qiymətlər isə ən yüksək ulduz sayına malik müəssisələri keçəcək səviyyədədir".
 
Müəllif deyir ki, elə buna görə də ölkəyə Gürcüstana cəlb edilən turistlərin yarısı qədər turist cəlb edilə bilmir, Gürcüstan isə bu ilin ilk 5 ayı ərzində xarici turizmdən 1 milyard 36 milyon dollar məbləğində gəlir əldə edib.
 
Müəllif vurğulayır ki, Gürcüstanda bu il əcnəbi ziyarətçilərin sayının 8 milyon nəfər, turizmdən əldə olunacaq gəlirin isə 3 milyard dollardan çox olacağı proqnozlaşdırılır.
 
Məqalə müəllifi vurğulayır ki, Gürcüstan turizm sahəsində bu dərəcəyə xidmət səviyyəsini yüksəltməklə, ödənişləri maksimum azaltmaqla nail olub. "Bizdə isə nə xərci azaldırlar, nə keyfiyyəti yüksəldirlər. Buna görə də vətəndaşlarımız ucuz və keyfiyyətli istirahət üçün Gürcüstana axışır. Belə ki, bu ilin beş ayında qonşu ölkəyə səfər etmiş əcnəbilərin 485 min 733 nəfərini Azərbaycan vətəndaşları təşkil edib".
 
Müəllif iddia edir ki, "keyfiyyətli xidmət" anlayışı, elə bil Azərbaycan cəmiyyətinə yaddır, odur ki, bağçalarda uşaqların etibar edildiyi tərbiyəçilərə, orta və ali məktəblərdəki müəllimlərə, qatar bələdçisindən kafe-restoranlardakı ofisiantlara qədər, demək olar ki, bütün xidmət göstərənlər "keyfiyyət" anlayışından xəbərsiz görünürlər.
 
Bu halda isə heç bir sahədə yüksək nəticə əldə etmək mümkün deyil.
 

Google+ WhatsApp ok.ru