O gül, … o çəkmələr …!

-- Şəhid anasının oğlunun çəkməsinə əkdiyi gül...

Dayım şəhid olandan sonra tez-tez anamın sarı üzlü böyük albomu açıb orada nəyəsə baxıb ağladığını görürdüm. Əvvəl elə düşünürdüm ki, hansısa fotoya baxıb ağlayır. Amma bir dəfə uşaq marağı mənə güc gəldi. Diqqət etdim ki, köhnə qəzetə bükülü nəyisə açır, onu qoxlayır və ağlayır. Bir az böyüyəndən sonra başa düşdüm ki, şəhid dayımın əsgər papağının içərisində qalmış saçının tüklərini yığıb, o kağızın arasına. Sanki qardaşının qoxusunu ondan alır. İndi haqq dünyasındadır. Bəlkə də qardaşının yanındadır…
 
Bu günlərdə sosial şəbəkələrdə qarşıma çıxan bir foto bunu mənə xatırlatdı. Bir ana şəhid oğlunun çəkmələrinin içində gül əkib, ona qulluq edib böyüdür. Yəqin ki, həmin gülləri qoxlayaraq şəhid oğlunun ətrini ondan alır…
 
Uşaqlıqdan çoxumuza analarımız “mənim gül balam” deyə nəvaziş ediblər. Bəli, analar üçün övladlar sanki bir güldür, analar isə bağbanlarımız. Hətta yaşlansaq belə onlar üçün yenə də balaca uşaq, kövrək gül olaraq qalırıq.
 
Şəhid anasının oğlunun çəkməsinə əkdiyi gül məni bir az da uzaqlara apardı.
 
Şəhidlərin cənnət əhli olduğu şübhəsizdir. Şəhidlərin Allah yanında ruzi yediklərinə də əminik. Bunlarla yanaşı bəzən şəhidlər haqqında “gül kimi bitdi” ifadəsi işlədilir. Bu obrazlı görünsə də əslində şəhidlərin məqamını ifadə etmək üçün bəlkə də yetərli deyil. Biz insanlar üçün gözəllik anlayışı bir çox hallarda gül ilə ölçüldüyü üçün bəlkə də bu cür ifadə edirik.
 
Şəhid çəkməsindəki gülün isə ayrıca bir anlamı var…
 
 
Gözəl gül, seçilmiş torpaqda əkilər. Ən sevimli gül isə daha məxsus yerdə əkilər. Hər torpaq gül bitirmir. Bu bir həqiqətdir…
 
O çəkmələr, uca məqam sahibinə məxsusdur. O çəkmələr, uğrunda şəhid qanı tökülən torpaqlara dəyib. O çəkmələr, şəhidin pak qanı ilə əkiləcək gülünə həyat rəngi verib, ananın göz yaşı ilə tumurcuqlarını suvarıb. Nəhayət, sülh və sevgi rəmzi olan o məxsus gül, elə ananın əli ilə şəhid oğlunun çəkməsində əkilməlidir ki, Azərbaycanımıza ətir saçsın – gözəllik bəxş etsin.
 
Bəlkə də bir az qəribə görünə bilər amma o gülün məqamı da ucadır. Çünki o “həyat gülü”dür. Cənnət gülü dediyimiz bəlkə də elə onun özüdür…
 
“Mübariz”lərin son arzusu – xalqın rifahı və zəfər gününü … (Orxan Əli / Mübarizim.az)
 

Google+ WhatsApp ok.ru