O yaxındır, sən uzaq

O yaxındır, sən uzaq

-- bəzi bəndələr Allahdan niyə uzaqdır?

Allah Öz bəndələrinə yaxın olduğu halda, bəzi bəndələr Ondan niyə uzaqdır?

Zaman və məkan çərçivəsində fiziki uzaqlıq və yaxınlıq müqayisə edilən tərəflərin hər ikisi üçün eynidir. Yəni bir şey başqasına yaxındırsa, yaxın olduğu da ona yaxındır. Uzaqlıq da eyni şəkildə.  Məsələn, Elsevər Aydanın yanındadırsa, təbii olaraq, Aydan da Elsevrəin yanındadır, deyirik. Əgər Aydan Elsevərdən uzaqdadırsa, Elsevər də Aydandan uzaqdadır, deyilir.

Mənəvi yaxınlıq və uzaqlıqda isə vəziyyət belə deyil. Biri digərinə yaxın olduğu halda, yaxın olduğu çox-çox uzaqlarda ola bilər. Cismən yaxın olan iki nəfərin birinin ruhən, mənən, xəyalən çox-çox uzaqlarda olması təbii və mümkün haldır. Məsələn, Elsevər haradasa Aydan adlı gözəl bir xanım görüb ona vurulub. Aydan Elsevəri tanımadığı halda, Elsevərin yatdısı-durdusu yoxdur, xəyalında yalnız odur, onun xəyalı ilə yaşayır, onsuz heç bir günü, anı yoxdur, bütün həyatını izləyir, hər şeyindən xəbərdardır, nəyi xoşladığını, nəyə nifrət etdiyini bilir, lazım gələndə uzaqdan-uzağa onun ehtiyacını təmin edir, qayğısına qalır, qoruyur və sair. Ancaq Aydana desən ki, Elsevər çox yaxşı oğlandır, təəccüblə soruşacaq ki, Elsevər kimdir? Tanımıram axı onu! Bu zaman deyilir ki, Elsevər Aydana çox yaxındır, hər an onunladır. Ancaq Aydan Elsevərdən çox-çox uzaqdadır. Bəzən cismən ikisi bir yerdə ola da bilərlər, ancaq bu o demək deyil ki, onlar bir-birinə yaxındırlar. İkisi bir yerdə əyləşdikdə, birinin bütün diqqəti qarşısında oturan şəxsdə olduğu halda, digəri xəyalən tamamilə başqa yerlərdə ola bilər.

Bizim Allahla münasibətlərimiz də çox vaxt belədir. Allah hər yerdə bizimlədir, ancaq biz Ondan çox-çox uzaqdayıq. O, bizi heç zaman tək buraxmayıb, ancaq biz Onu heç tanımırıq, hətta çoxumuz Onun varlığını inakr da edirik. Quranda Allah Özü bu barədə belə buyurur:

“Harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.”[1]

“Onlar Onu uzaq bir yerdən çağırırlar.”[2]

Deməli, insan Allahdan, onu tanımadığı üçün uzaqdır. Allah hər yerdə yaratdıqlarının yanında olduğu halda, kafir, münafiq, inkarçı ondan uzaqdır. Yaxın olan Alllahdır, uzaq olan bəndə.

Uzaqda olan bəndə Ona yaxın olan, həddən artıq çox sevən, əzizləyən, sevdiyini tək buraxmayan Allahla maraqlansa, içindən Allahı axtarmaq hissi baş qaldıracaq, axtaracaq, tapacaq, tapsa sevəcək. Sevsə, yaxın olmaq istəyəcək. Yaxın olmaq üçün vasitə axtaracaq. Bu, o qədər mənəvi və incə işdir ki, səmimi qəlbdən sevənlər bilir bunu. Əsl sevən cürət etmir, sevdiyinə birbaşa yaxınlaşmağa vasitə axtarır, özü də adı çəkiləndə sözü yerə salınmayacaq vasitə, qədri-qiyməti sevdiyinə əziz olan vasitə. Allah Özü də bu cür yanaşmanı tövsiyə edir. Bəlkə də yaxınlaşma mədəniyyəti öyrədir, “Ona yaxınlaşmaq üçün bir vasitə axtarın”, – deyə buyurur.[3]

Bəs niyə axtarmırıq, niyə sevmirik, yaxınlaşmırıq, bu qədər inkarçılıq haradandır, niyə uzaqlaşırıq?

Allah Özü cavab verir buna:

“Hər kəs öz əməllərinin girovundadır.”[4]

“Hər kəs öz əməlinin girovudur.”[5]

Peyğəmbərimiz (s) də hədislərinin birində belə buyurur: “Canınız günahlarınızın girovundadır. Bağışlanma diləməklə onu azad edin.”[6]

Günah və günaha təhrik edən vasitənin əsarəti bizi azadlıq nemətindən məhrum edib. Günaha təhrik edən vasitə elə hey şirin vəd verir bizə. Biz də o vədlərə inana-inana qalmışıq o əsarətdə. Şirin dillərə aldanıb, əslində, puç olan gözəl gələcək arzusu ilə iyrənc işləri qəbul edən “girov” ayılanda gec olur. Bu dəfə günahları onu azad olmağa qoymur...

Ancaq azad olmaq üçün hər zaman çıxış yolu var!

Famil Burxanoğlu (Maide.az)



[1] “Hədid” surəsi, ayə 4.

[2] “Maidə” surəsi, ayə 35.

[3] “Fussilət” surəsi, ayə 44.

[4] “Muddəssir” surəsi, ayə 38.

[5] “Tur” surəsi, ayə 21.

[6] “Vəsailüş-şiə”, c.10, səh.314.

 

Google+ WhatsApp ok.ru