Obama 35 Rusiya diplomatını ABŞ-dan qovdu, Rusiya da cavabsız qalmadı

Obama 35 Rusiya diplomatını ABŞ-dan qovdu, Rusiya da cavabsız qalmadı

Birləşmiş Ştatlar Moskvadakı Amerika diplomatlarının sıxışdırılmasına cavab olaraq Rusiyanın 35 diplomatını ölkədən qovub və Rusiyanın Nyu York və Merlilenddəki iki diplomatik şəhərciyini bağlayıb.
 
"Reuters" agentliyi yazır ki, Vaşinqtondakı səfirlikdən və San Fransiskodakı konsulluqdan diplomatların qovulması bundan az əvvəl Amerika hökumətinin Rusiyanı ABŞ seçkilərinə müdaxiləyə görə cəzalandıracağı barədə elan etdiyi vədlə bağlıdır.
 
Obama administrasiyası ABŞ seçkiləri ilə əlaqədar Amerika siyasi qurumlarına haker hücumları ilə bağlı Rusiyaya qarşı daha bir neçə cavab tədbiri görəcəyini elan edib.
 
Barack Obama və ABŞ kəşfiyyatı bu qənaətdədirlər ki, Rusiya ABŞ seçkilərinə Donald Trump-a dəstək vermək məqasədilə elektron müdaxilə edib.
 
Bundan əvvəl ABŞ Dövlət Departamenti Rusiya təhlükəszilik xidmətlərinin və yol polisinin Rusiyadakı Amerika diplomatlarını təqib etməsini qətiyyətlə pisləyən bəyanat yaymışdı.
 
ABŞ Dövlət Departamenti bildirir ki, persona non grata elan edilənlərə Amerika torpağını tərk etmək üçün 72 saat vaxt verilib.
 
Reuters-in məlumatına görə Rusiyanın ABŞ-dakı səfiri qovulanların siyahısında yoxdur.
 
Sanksiyalar
 
Xəbərdə bu da deyilir ki, ABŞ seçkiləri ilə bağlı haker hücumu ilə əlaqəli olduqları düşünülən Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiqinə yüksək vəzifəli ABŞ senatorları çağırmışdılar.
 
Rusiyanın Baş Kəşfiyyat İdarəsi (GRU) və Federal Təhlükəsizlik Xidməti (FSB) agentlikləri də daxil 9 qurumuna qarşı da sanksiyalar tətbiq edilir.
 
Sanksiyalar siyahısına konkret olaraq Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov, habelə onun iki birinci müavinləri Vladimir Alekseyev və Sergey Gizunov salınıblar.
 
Bu siyahıda BKİ-nin əvvəllər adı çəkilməyən daha bir əməkdaşının – İqor Kostyukovun da adı var.
 
Siyahıda olan daha iki Rusiya vətəndaşını - Aleksey Belanı və Yevgeni Boqaçovu FTB xaker adlandırıb. Onlar artıq çoxdandır ki, beynəlxalq axtarışdadırlar.
 
ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar “seçki prosesini və təsisatlarını sarsıdan” elementləri hədəfləyir.
 
Barack Obama bəyan edib ki, ABŞ həmçinin Rusiyanın kiberfəaliyyəti ilə bağlı texniki təfərrüatları açıqlayacaq.
 
Bu ona görə ediləcək ki, ABŞ və başqa ölkələr Rusiyanın qanunsuz haker fəaliyyətini tanıyıb qarşısını ala bilsinlər.
 
Nümayəndələr Palatasının spikeri Paul Ryan deyib ki, bu, səkkiz il davam edən uğursuz Rusiya siyasətini bitirməyin ən adekvat yoludur.
 
 
Rusiyadan reaksiyalar...
ABŞ sanksiyalarına hələlik Rusiyanın yüksək rəhbərliyi səviyyəsində cavab verilməyib.
 
Rusiya Dövlət Dumasının rəsmiləri hadisəni “çıxıb getməkdə olan Barack Obama komandasının can verməsi” adlandırıblar.
 
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, bu, Amerikanın yox, “bir qrup siyasi əfəlin” qərarıdır. (azadıqradiosu) /
 
 
"CNN": Rusiya Moskvadakı ingilis-amerikan məktəbini bağlamaq qərarını verib
Həmçinin ABŞ-ın diplomatik nümayəndəliyinin əməkdaşları üçün fəaliyyət göstərən istirahət evi də bağlanacaq
 
Rəsmi Vaşinqtonun sanksiyalar tətbiq etməsi səbəbindən Rusiya da paytaxt Moksvada ABŞ, Böyük Britaniya və Kanada diplomatlarının uşaqlarının təhsil aldıqları ingilis-amerikan məktəbini bağlamaq qərarına gəlib.
 
Məlumata görə, həmçinin ABŞ diplomatik nümayəndəliyinin əməkdaşları üçün fəaliyyət göstərən istirahət evi də bağlanacaq.
 
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalatın tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən sanksiyalar
ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.
 
Sanksiyalar Rusiyanın bir sıra rəsmi şəxslərinə, habelə 5 təşkilata şamil edilib. 
 
Bununla yanaşı, ABŞ Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərəcək və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəlikləri bağlayacaq. Vaşinqtondakı və San-Fransiskodakı rus diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib. (report) /

 

Google+ WhatsApp ok.ru