Olası müharibədə Naxçıvan cəbhəsi əsas rol oynayacaq

Ermənilərlə müharibədə Naxçıvan cəbhəsinin əhəmiyyəti barədə Elçibəy iqtidarı və Türk Silahlı Qüvvələri ortaq rəyə və plana malik olublar; təsbitlər indi də aktualdır və hazırlıqlar gedir 
Bir qədər əvvəl mətbuatda Naxçıvan istiqamətində Azərbaycan ordusu və erməni qüvvələri arasında gərginliyin artması haqda məlumat yayıldı. KİV-lərdə gedən iddialara əsasən, Azərbaycan ordusu rəhbərliyinin, Türkiyə Silahlı Qüvvələrinin də qatqısı ilə, Naxçıvanda mövqeləri möhkəmləndirməsi, bir sıra hazırlıqlar görməsi Ermənistanda narahatlıq yaradıb.
 
Erməni mediası iddia edir ki, Azərbaycanın bu hazırlıqları hücum xarakterlidir; müharibə ola bilər. Bu məlumatlarla paralel, belə bilgilər də yayıldı ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağ, xüsusilə də Haramıdüzü istiqamətindən müdafiə xarakterli hazırlıqlar aparır. Gələn bilgiləri “ipə” düzəndə, belə bir qənaət hasil olur ki, Azərbaycan, Türkiyənin də dəstəyi ilə, olası hərbi əməliyyatlarda Naxçıvan cəbhəsini xüsusilə möhkəmləndirir; Qarabağ cəbhəsinin də bəzi səmtlərində hücum, bəzi səmtlərində isə müdafiə xarakterli işlər aparır.
 
Hazırda Azərbaycan ordusunun Ermənistanı çökdürməsi üçün ən ideal müharibə meydanının Naxçıvan olduğu ilə bağlı iddialar yayılıb. Bu iddialara  görə, Azərbaycan ordusu məhz Naxçıvandan hərbi əməliyyatları başlatmaqla erməniləri çaşqın vəziyyətə salmaq, qüvvəsini oraya cəlb etmək və  Qarabağda sürətli qələbəyə nail olmaqla bağlı plan hazırlayıb. Naxçıvan cəbhəsinin açılması və böyüdülməsi ilə bağlı plan 22 il əvvəl də irəli sürülübmüş. Bizə çatan məlumata görə, həmin vaxt Elçibəy iqtidarı Türkiyə dövləti ilə razılaşdıraraq, Naxçıvandan əməliyyatların başlaması və Zəngəzur ərazisinə doğru Mehri koridorunun açılmasını təmin edəcək plan hazırlayıbmış.
Bu planın mahiyyəti nədir və o, niyə baş tutmayıb?
 
Savaş planının əsas müəlliflərindən biri, 1993-cü ildə baş nazir vəzifəsində olan Pənah Hüseyn  “Yeni Müsavat”ın israrlı suallarına cavab olaraq bəzi məqamlardan danışdı. Sabiq baş nazirin sözlərinə görə, Naxçıvandan əməliyyatların başlaması üçün hələ AXC hakimiyyətindən əvvəl də təkliflər olub: “Ümumiyyətlə, o dövrdə Qarabağ müharibəsi, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması üçün istər hərbçilər, istərsə də siyasətçilər tərəfindən müxtəlif layihələr təklif edilib, onların  müzakirələri aparılıb. Naxçıvan istiqaməti bu layihələrdə daim yer alırdı. Səbəbi də aydın idi. Bir tərəfdən Naxçıvan blokada vəziyyətində idi; ermənilərin əsas işğal hədəflərindən biri elan edilirdi və bu işğal təhdidi sadəcə bəyanatlarla müşayiət olunmurdu. 1990-cı ildən başlayaraq  Naxçıvan şiddətli döyüşlərin getdiyi real müharibə cəbhələrindən biri idi.  Naxçıvan blokada vəziyyətində idi və bu blokadanın aradan qaldırılmasının təbii yolu  bir çoxlarına  Zəngəzurun, Mehri (Meqri) dəhlizinin hərbi yolla azad olunması kimi görünürdü. 
 
İndiki terminologiyadan istifadə etsək, hesab edilirdi ki, bu bir növ humanitar əməliyyat kimi dünya tərəfindən başa düşülə bilər. Geosiyasi amillər, daha dəqiqi, Türkiyə amili bu variantı çox cəlbedici  edirdi. Hesab edilirdi ki, bir halda ki, Rusiya açıq  - aydın Ermənistana kömək edir; bu halda Türkiyənin Azərbaycan tərəfindən problemə müdaxiləsi Naxçıvandan başlaya bilər. Çünki SSRİ və Türkiyə arasındakı  Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyi üçün təminatçı  idi. Türkiyənin müdaxilə məsələsi elə də xəyal deyildi. Hələ 92- ci ilin yazında MDB Silahlı Qüvvələrinin komandanı marşal Şapoşnikovun ”Türkiyə müdaxilə etsə üçüncü dünya müharibəsi başlayacaq", -  bəyanatını yada salmaq olar. Digər tərəfdən, bir sıra hərbçilər əsaslandırırdılar ki, sırf hərbi baxımdan yalnız cəbhə xəttinin genişləndirilməsi və əməliyyatların Ermənistan ərazisində keçirilməsi təcavüzkarın qüvvələrinin parçalanmasına, Qarabağdan bəzi qüvvələrin Ermənistana aparılmasına səbəb ola və nəticə etibarı ilə onları sülhə məcbur edə bilər. 
Siyasi dairələrdə bu cür təsəvvürlərin formalaşmasında daha çox 90- cı illərin sonunda müzakirə edilən və  “Qobl planı” kimi tanınan ərazi mübadiləsi ideyasının, yəni Dağlıq Qarabağ və Meqrinin mübadiləsi məsələsinin də rolunu qeyd eləmək lazımdır. Əslində bu ideya hələ,  səhv etmirəmsə, problem meydana çıxdığı ilk mərhələdə akademik A. Saxarov tərəfindən səsləndirilmişdi və hansısa formada   92-ci ildə ATƏT xətti ilə danışıqlar zamanı türk nümayəndə heyəti tərəfindən müzakirəyə çıxarılmışdı. Lakin o vaxt Azərbaycanda Qarabağın ərazi mübadiləsi predmeti ola bilməsi fikri özü  xəyanət kimi qarşılandığına görə geniş yayılmamışdı. Ancaq Mehri (Meqri) məsələsi ağıllarda vardı. Bu istiqamətdə təxəyyül və təsəvvürlərin real təklif və operativ plan kimi formalaşmasına iki hadisə də mühüm təsir göstərmişdi. Birinci uğurlu Başkənd əməliyyatı  idi. İkincisi, 92-ci ilin payızında ermənilərin Zəngilan istiqamətində  Ermənistan ərazisindən   dəmir yolu xətti boyu hücum edərək, bir neçə kilometr ərazimizə daxil olması  və bir sıra yüksəklikləri ələ keçirməsinə cavab olaraq  sərhədin fərqli bölgəsindən Ermənistan ərazisinə qarşı döyüş əməliyyatı keçirməsi ideyası idi. O vaxt Ali Baş Komandan Kiyevdə rəsmi səfərdə idi. Müdafiə Naziri  Rəhim Qazıyev də onu müşayiət edirdi. Odur ki, Ali Sovetin sədri İsa Qəmbərlə, hərbçilərlə, o cümlədən bölgədəki Azərbaycan hərbi hissələrinin komandanı Dadaş Rzayevlə qısa müzakirə apararaq,  Ermənistan ərazisinə genişmiqyaslı zərbə göstərişini mən verməli oldum. Kazimirovun bir neçə dəfə zəngindən sonra təxminən bir saat ərzində Moskvadan Rusiya baş naziri  Çernomırdin mənə zəng etdi və onun vasitəsilə Ermənistan prezidenti ilə əlaqə saxlandı; elə həmin gün ermənilər Zəngilandan -  tutduqları yüksəkliklərdən qoşunlarını geri çəkdilər.  Əlbəttə ki, məsələ elə də sadə deyildi və açığı, bu cür təkliflər əksəriyyətə, əsassız da olmayaraq avantüra, macəra kimi görünürdü. Çünki keçmiş SSRİ- nin 7- ci ordusu, Ermənistanda, Rusiyanın hərbi bazası haqqında danışılan ərazidə -  Gümrüdə yerləşirdi".
 
P.Hüseynin sözlərinə görə, Meğri dəhlizinin azad edilməsi məqsədilə  Naxçıvan və Zəngilan istiqamətindən  eyni zamanda hücum edilməsi məsələsi aktual olaraq gündəmə Kəlbəcərin işğalı zamanı gətirilib: “Fəlakətli vəziyyət yaranmışdı və Kəlbəcərin işğalından başqa, Gəncə təhlükəyə düşmüşdü. Hətta Ermənilərin rus qoşunlarının köməyi ilə Bakı-Tiflis xəttinə çıxması təhlükəsi vardı. Martın ortalarında Bakı  - Ceyhan neft kəməri haqqında İstanbulda dövlətlərarası saziş imzalanmışdı və belə halda bu layihə, bütövlükdə  yekunlaşmaqda olan neft müqavilələri təhlükəyə düşürdü. Odur ki, problem ətrafında o vaxta qədər olmayan dərəcədə geosiyasi canlanma və gərginlik yaranmışdı.  Vəziyyətdən çıxış yolu kimi biz yuxarıda adıçəkilən planı gündəmə gətirdik. Plan barədə o vaxt Azərbaycanda olmaları gizli olmayan türk hərbi məsləhətçilərinin də məlumatı vardı. Aprelin 7- si və 8- də o vaxt Orta  Asiyada səfərdə olan Türkiyə prezidenti Turqut Özalın məşhur bəyanatı səsləndi. O, belə idi:  ”Əgər türk diviziyaları Ermənistan sərhədində təlimlərə başlasalar və bu zaman mərmilər Ermənistana düşsə nə olar?!" 
 
Aprelin 7- 8 də mən Ankarada oldum. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Doğan Güreş və Qərargah heyəti , Türkiyə baş naziri və digər hökumət nümayəndələri ilə bu məsələlərin konkret müzakirəsi aparıldı. Habelə Turqut Ozalın Orta Asiya səfərini yekunlaşdırıb Bakıya gəlməsi zamanı bu məsələlər prezidentlər arasında müzakirə edildi. Bizim əsas arqumentlərimizdən biri ondan  ibarət idi ki, Türkiyənin məsələyə birbaşa müdaxiləsi və bu zaman Rusiya ilə gözlənilən qarşıdurma  problemin masştabını daha da genişləndirir və böyük ehtimalla, ciddi regional sarsıntı, genişmiqyaslı müharibə olmadan da məsələnin nizamlanmasına səbəb olardı. Aprelin 12- də mən yenə bu məsələlərlə bağlı Tehranda oldum və prezidentin müraciətlərini İran rəhbərliyinə çatdırdım.  O vaxt Naxçıvan əməliyyatı planı  hərbi baxımdan reallaşma mərhələsinə keçmədi. Bir çox səbəbləri var... Turqut Özal vəfat etdi..  Heydər Əliyev bu əməliyyata qarşı idi.
“Bütün bunlar hamı üçün gizli idi və çərçivə  yalnız Azərbaycan - Türkiyə rəhbərliyi ilə məhdudlaşırdı və hər şey yalnız Türkiyədən asılı idi”, -  kimi düşünmək əlbəttə ki, sadəlövhlük olardı. Türkiyənin də hesablaşmalı olduğu şərtlər, güclər var ... 
 
... Lakin  izsiz də keçmədi. Hadisələrdən bir neçə il sonra Rusiya rəsmilərinin dərc etdirdiyi materiallarda  Mehri (Meqri) istiqamətində hücum planı, aparılan müzakirələr haqqında Ermənistan rəhbərliyinin xəbərdar olduqları və ciddi narahatlıq keçirdikləri, Rusiyaya birbaşa müraciətləri barədə informasiyalar vardır. Azərbaycan ordusunun Kəlbəcər istiqamətində və Füzuli istiqamətində  qəhrəman müqaviməti ilə yanaşı hücumların dayandırılmasında bu məsələnin də təsirini qeyd etməmək olmaz. Bunun  sənədli təsdiqləri vardır. Habelə münaqişə tarixində ilk və son olaraq Türkiyənin vasitəçi kimi iştirak etdiyi yeganə dönəm də həmin dövrə aiddir. Aprelin sonundan başlayaraq ABŞ, Rusiya və Türkiyədən ibarət missiyanın, tarixə üçlü təşəbbüs kimi hazırladıqları, Kəlbəcərin və digər ərazilərin müvafiq olaraq 20 gün ərzində azad olunmasını nəzərdə tutan və iyun qiyamı ilə yarımçıq qalan proses, BMT qətnaməsinin qəbul olunması də bu təsirin nəticələrindən idi.
 
Əməliyyatların  Naxçıvandan  başlayacağı  ilə bağlı xəbərlərin gündəmə gəlməsi təsadüfi ola bilər. Lakin istənilən halda  döyüş əməliyyatlarının başlayacağı halda istisna eləmirəm ki, bu, yalnız Qarabağ cəbhəsi ilə məhdudlaşdırılsın"...
 

 

Google+ WhatsApp ok.ru