«Olimp» MTK sakinləri incidir

«Şikayət etməkdən bezmişik, daha belə davam edə bilməz!»

Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 küçəsindəki yaşayış binasının sakinləri "Olimp" mənzil-tikinti kooperativinin (MTK) onların problemlərinə və qanunlarına göstərdiyi etinasız münasibətdən əziyyət çəkirlər.  
 
Plana və müqaviləyə əsasən MTK-nın ərazisindəki tikinti və təmir işləri bir neçə il əvvəl başa çatmalı olsa da, buna məhəl qoyan yoxdur.  Belə ki, 2010-cu ildə təhvil verilməli olan binada bu günə kimi inşaat işləri davam edir. Sakinlər bildirir ki, tikinti şirkətinin rəhbərliyi bu özbaşınalıqla bağlı heç bir açıqlama vermir.
 
"Bununla yanaşı yaşayış kompleksinin ərazisində xeyli sayda qanunsuz tikililər inşa olunur. Bu səbəbdən də onlar öz halal mənzilləri üçün Dövlət Reyestr xidmətindən Çıxarış ala bilmirlər. Hazırda yaşayış binasının həyətində təmir-tikinti işləri gedir.  Bizim müraciətimiz əsasında Binəqədi rayon İcra Hakimiyyəti həyətimizdəki qanunsuz tikintini dəfələrlə yarımçıq saxladıb. Amma şirkət rəhbərliyi heç kimə məhəl qoymadan özbaşınalığa davam edir. Axı niyə görə onlar müvafiq dövlət qurumlarının göstərişlərinə riayət etmirlər? Şikayət etməkdən bezmişik. Daha belə davam edə bilməz", -deyə sakinlərdən Vidadi Məmmədov bildirir. 
 
Sakinlər Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyi və dövlət başçısına müraciət etməyi planlaşdırırlar. 
 
Qeyd edək ki, "Olimp" MTK sakinləri dəfələrlə keçirdikləri etiraz aksiyalarının nəticəsində bu il fevralın 15-də təbii qazla təmin olunublar. Amma bütün mənzillərdə qaz yoxdur. Kompleksin rəhbərliyi bir çox mənzillərin sakinlərini əsassız incidir. 
 
"Olimp" MTK-ya məxsus binanın sakini, Qarabağ Müharibəsinin Veteranı Cəfər Mustafayevin sözlərinə görə, uzun müddətdir ki, MTK-nın əməkdaşları onun evinə qaz xəttini çəkməyə imkan vermirdilər. "Mən dəfələrlə MTK-nın rəhbərliyinə müraciət etmişəm ki, mənə bu işdə köməklik göstərsinlər, lakin heç bir iş onlar tərəfindən görülməyib. Bu yaxınlarda Binəqədi rayon Qaz İstismar İdarəsinin əməkdaşları bu problemi həll ediblər".
 
Kompleksin sakini bizə başqa problemlərdən də danışdı. "Binanın yolları bərbad vəziyyətdədir, bütün həyət zəbt olunub, qeyri-qanuni obektlərlə doludur. Həyət zibillə dolub, yığışdıran yoxdur, uşaqlarımız təmiz havanın əvəzinə bununla nəfəs alırlar. Müasir standartlara cavab verən yeni tikilinin həyətində bunları görmək biabırçılıqdır. Lakin biz yenə də ümid edirik ki, bütün bu problemlər yaxın zamanlarda həll olunacaq və müvafiq dövlət qurumlarının rəhbərliyi bizə bu məsələdə yardım və dəstək olacaq" - Cəfər Mustafayev əlavə etdi. 

Google+ WhatsApp ok.ru