Oğlunu itirən ata haqqını istəyir

İmişli rayonu, Qulubəyli kənd sakini Qalib Nağıyev Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin rəisi Fuad Ələsgərova müraciət edib. “Azadlıq”a göndərdiyi müraciətində şikayətçi yazır:
“Mən 11 iyun 2014-cü ildə Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ilham Cəfərovun oğlumun qətliylə bağlı tam qanunsuz və ədalətsiz qəbul etdiyi qərarından narazıyam. Hakim Ilham Cəfərov qanunun hökmüylə qərar qəbul etməli olduğu halda,  şəxsi maraqlarına söykənib. Onun bu hərəkətinə qarşı məgər cəza nəzərdə tutulmayıb? Belə çıxır ki, hakim istədiyi qərarı verəcək, oğlunu itirmiş ata kimi bu özbaşınalıqdan ikiqat əzab çəkməliyəm. Hakim dövlət ittihamçısının təkzibedilməz sübutlara əsaslanan kassasiya protestinə və mənim faktlara əsaslanan kassasiya şikayətimə əhəmiyyət verməyərək məhkumların vəkilinin boş sözlərindən ibarət apelyasiya və kassasiya şikayətlərində göstərdiyi uydurma, mənasız cümlələri öz qərarına köçürərək qarşı tərəfin tələbini qismən təmin edib. Hakimin qəbul etdiyi qərarda qanundan əsər-əlamət yoxdur. Onun qərarı Baş Prokurorluq tərəfindən təsdiq edilmiş ittiham aktının ləğv olunmasına yönəlmiş qanunsuz və heç bir hüquq normalarına sığmayan bir özbaşınalıqdır.
Ilham Cəfərov 11 iyun 2014-cü ildə Şirvan Apelyasiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edərkən məhkumların vəkilinin kassasiya şikayətinin qismən təmin olunması barədə bir kəlmə də söyləmədi. O bununla şəxsi maraqlarını təmin edən tərəfin xeyrinə qərar vermək niyyətini ifadə etdi. Üzləşdiyim vəziyyətlə bağlı Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun məni qəbul etməsini xahiş edirəm".

Google+ WhatsApp ok.ru