ONUNCU SƏCİYYƏ: BATİL MƏCLİSLƏRDƏ İŞTİRAK ETMƏZLƏR!

ONUNCU SƏCİYYƏ: BATİL MƏCLİSLƏRDƏ İŞTİRAK ETMƏZLƏR!

Rəhman Allahın həqiqi bəndələrinin onuncu xüsusiyyəti odur ki, onlar heç vaxt azğın işlərin şahidi olmazlar. “Furqan” surəsinin 72-ci ayəsində buyurulur:

...وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ

“(Rəhman Allahın həqiqi bəndələri) azğınlığın şahidi olmayanlardır.”

Ayədə qeyd olunan “zur” sözü ilə bağlı cüzi fərqlə iki təfsir qeyd edilmişdir:

1. Rəhman Allahın həqiqi bəndələri batil işlərə şahid durmazlar. “Zur” sözünün hər hansı “batil” iş və fikrə aid edildiyini nəzərə alaraq Allahın həqiqi bəndələrinin nə batil işlərə qoşulduqlarını güman etməliyik, nə də batilə haqq don geyindirdiklərini! Onlar ata, ana, bacı, qardaş, qohum-əqrəba, dost-tanış, yoldaş və həmkarların, bir sözlə, kiminsə razılığını Allahın razılığından üstün bilməzlər.

2. (Daha dəqiq nəzərə çarpan ikinci izaha əsasən,) Allahın həqiqi bəndələri batil məclislərdə iştirak etməzlər. Günaha qarışan hər hansı məclis “zur və batil məclisi” hesab edilir və ilahi bəndələr belə məclislərdə əsla iştirak etməzlər. Onlar ata-ana, qohum-əqrəba, dost-tanış, qonşu və həmkarlara görə, günah məclislərində hazır olmazlar. Onları təkcə Yaradanın razılığı maraqlandırır.

Təəssüflər olsun ki, indiki zamanda şənliklərə daha çox günah qarışır və əksər toy məclisləri günahla yoğrulur. Hətta dinə uyğun adla bərpa olunan bəzi mərasimlər (Allahın razılıq meyarı ilə ölçüldükdə) günah məclislərindən heç də fərqlənmir. Həmin yığıncaqlar zahirən ibadət, din və din rəhbərlərinə ehtiram məqsədlə qurulsa da, musiqi və rəqsə qarışdığından, sözsüz, dinə zidd və günah məclisləri sayılır! Deyirlər ki, siqaretin tüstüsü çəkənin özündən çox çəkməyənə zərərlidir!” Günah məclisində iştirak etmək də buna bənzəyir?

Təhsildə müvəffəq olmayan tələbə, gündəlik namazlarını vaxtlı-vaxtında qıla bilməyən mömin, sədəqə verməyən və yoxsullara yardım etməyən müsəlman, namazda mənəvi halı olmayan, onun müstəhəb əməlləri və nafilələrinə qarşı hövsələsiz olan namazqılan, aclıq və susuzluqdan başqa bir şey qazanmayan oructutan, həcc mərasiminin əməllərini halsız görən hacı, xüms və zəkatı rəğbətsiz verən sərvətli və s. öz müvəffəqiyyətsizliyinin əsas səbəbini keçmiş əməllərində, Allaha itaətsizliklərində arayıb-axtarmalıdır. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkarim Şirazi, səh.139-140.)

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru