OPEC-də razılaşma neftin qiymətini qaldırır, amma indilik…

OPEC-də razılaşma neftin qiymətini qaldırır, amma indilik…

Neft ixrac edən ölkələrin OPEC karteli dekabrın 7-də Vyanada keçirdiyi toplantıda hasilatı azaltmaq barədə razılaşma əldə etdikdən dərhal sonra neftin qiyməti 5,4 faiz artıb.
 
Lakin Londonda çıxan Independent neft təhlilçilərinə istinadən yazır ki, OPEC-in qərarı bir qədər “gözdən pərdə asmağa” bənzəyir və kartel neftin qiymətini yüksək saxlamaq üçün daha qətiyyətli addımlar atmalıdır.
 
OPEC-in iclasında hasilatı günə 1, 2 milyon barrel ixtisar etmək barədə razılaşma əldə olunub.
 
Bu qərarın qəbul edilməsi asan olmayıb, çünki ABŞ-ın yeni sanksiyaları altında olan İran hasilatın azaldılması prosesinə qoşulmayıb, qeyri-OPEC ölkəsi Rusiya isə hasilatı Səudiyyənin istədiyi həcmdə azalda bilməyəcəyini bildirib. Rusiya mənbələrinin məlumatına görə Rusiya ixtisarın yalnız günə 250 min barrelini öz üzərinə götürüb.
 
Buna baxmayaraq OPEC üzvlərinin indilik gözləntiləri doğrulub və nəticədə neftin bir barrelinin qiyməti bir gündə 59 dollardan 63 dollara yüksəlib.
 
Əldə edilmiş razılaşmaya əsasən günə 1, 2 milyon barrel hasilat ixtisarının 800 min barreli OPEC-in, 400 min barreli isə Rusiya başda olmaqla Azərbaycan da daxil 10-dək qeyri-OPEC ixracatçısının çiyinlərinə düşəcək.
 
İran, Liviya və Venesuela hasilatın ixtisarından kənarda qalıblar.
 
Investing.com saytının baş təhlilçisi Barani Krishnan deyib ki, OPEC-in hasilatı azaltmaq qərarının neftin qiymətinə dərhal təsir edəcəyi təbii idi.
 
Bununla belə ekspert deyir ki, bazar bu ilk reaksiyadan sonra davamlı olaraq OPEC üzvlərindən hər hansı “cığallığın” olub-olmamasına göz qoyacaq. Onlardan hansınınsa xəlvətcə hasilatı artırması bütünlükdə OPEC-in kollektiv şəkildə ziyan çəkməsi ilə bitə bilər.
 
Cənab Krishnan bunu da deyib ki, Səudiyyə bu iclasdan bir şeyi özü üçün tam qət edib: İndi həm Rusiya, həm də ABŞ neft bazarını təsirləndirmək üçün OPEC qədər qüdrətlidir./azadliq.org /
 

Google+ WhatsApp ok.ru