OPEC qərarını dəyişmədi: neftin bareli 40 dollara düşsə belə…

İlham Şaban: “Ehtimal etmək olar ki, təşkilat Qərbin güc mərkəzləri ilə centlemen sazişindədir”

"Neftin qiymətinin bir bareli 40 dollara düşəcəyi təqdirdə belə, OPEC öz qərarında qalacaq. Və növbədənkənar iclas üçün 3 ay gözləyəcək". Bu sözləri Dubayda keçirilən toplantıda Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Suhail  Əl-Mazrui deyib. 
 
Onun sözlərinə görə, qurum 27 noyabrdakı qərarını dəyişməyəcək və əvvəlki kimi sutkada 30 milyon barellik hasilatı saxlayacaq. Nazir bunu Venesuelanın xarici işlər nazirinin qurumun iyunun 5-də yenidən toplanacağı ilə bağlı fikrinə cavad olaraq bildirib. Qeyd edək ki, Venesuela hasilatın azaldılması ilə bağlı təklifi ən çox dəstəkləyən dövlətlərdən biridir. BƏƏ rəsmisi isə cavabında vurğulayıb ki, hələ ki, növbədənkənar hər hansı bir toplantı gözlənilmir. 
 
"Bloomberq"in məlumatına görə, Səudiyyə Ərəbistanı, İraq və Küveyt Asiya bazarını əldən buraxmamaq üçün neftin qiymətini aşağı salmalı olublar. Çünki dünya birjalarında neftin qiymətinin ucuzlaşması bu bazar uğrunda mübarizəni gərginləşdirib. Təkcə "Brent" markalı "qara qızıl" bir ayda 22 faiz aşağı düşüb. Ekspertlər mövcud vəziyyətin yeni iqtisadi böhran dalğası yarada biləcəyindən ehtiyatlanırlar. Xüsusilə, "qara qızıl"ın bu həddə ucuzlaşması neft ölkələrinin gəlirlərini azaltmaqla yanaşı, onun maya dəyərinin ödənilməsi ilə bağlı da problemlər meydana çıxarır.
 
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban "Bizim Yol"a açıqlamasında bildirdi ki, OPEC-i neftin qiymətinin hansısa bir dəhlizdə olması maraqlandırmır: "Eyni zamanda bu təşkilat neftin qiymətinə nəzarət etmək imkanına malik deyil. Sadəcə olaraq, bu cür bəyanatlar verməklə özünü ictimaiyyətin qınağından sığortalamaq istəyir. OPEC sutkada 30 milyon barel neft hasil etməklə bazarın 3-də birinə sahibdir. Ancaq qiymətə təsir etmə mexanizmini əlində cəmləşdirə bilmədiyindən bu cür addımlar atmaq məcburiyyətindədir. Burada ehtimal etmək olar ki, təşkilat Qərbin güc mərkəzləri ilə centlemen sazişindədir". 
 
Yəni ekspertin fikrincə, neft bahalaşanda həmin neft ölkələrin öz gəlirlərinin artmasına izin verən Qərb, belə siyasi məqamlarda onlardan güzəştlər tələb edir. Bu halda, neft ölkələri xərcləri sığortalamaq üçün yığdıqları vəsaitdən istifadə edirlər.
 
O ki qaldı "qara qızıl"ın dəyərinin 40 dollara düşəcəyi təqdirdə onun maya dəyərini ödəməsinə, İ.Şaban belə cavab verdi: "Bu gün hasil olunan neftin maya dəyəri 5-10 dollar arasında dəyişir və burada nəql xərcini hesablamaqla ən yüksək həddi 15-20 dollar civarında olur. İstənilən halda, 2 dəfədən çox qazanc əldə edilir. Bu qiymət yalnız ABŞ-ın şist neftinin maya dəyərinin ödənməsində problem yarada bilər. Amerikada hasil olunan sutkada 9,5 milyon barel xammalın 3 milyon barelini şist neft təşkil edir. Qiymət 40 dollara düşərsə, şist neft yataqlarının bəziləri gündəmdən çıxacaq. Bəzi şirkətlər isə prosesi davam etdirmək üçün öz mayasına sata bilərlər. Belə olan halda ABŞ hökumətinin subsidiya ayırması mümkündür".

Google+ WhatsApp ok.ru