OPEC qeyri-OPEC ölkələri ilə daha sıx əməkdaşlığa ümid edir

OPEC qeyri-OPEC ölkələri ilə daha sıx əməkdaşlığa ümid edir

Səudiyyə Ərəbistanı və onun Fars körfəzindəki müttəfiqləri OPEC+in 10 neft istehsal edən ölkəsi ilə rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanmasının tərəfdarıdır. Bu sazişin əsas məqsədi dünya neft bazarında vəziyyətə birgə təsir etmək cəhdi olacaq.

Maide.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" OPEC-dəki rəsmi şəxslərə istinadən yazıb.

 

Materialda qeyd olunub ki, bu təklif OPEC ilə Rusiya başda olmaqla, bir neçə ildir əməkdaşlıq edilən neft istehsal edən ölkələr arasında qeyri-formal ittifaq yaratmağa imkan verəcək. O cümlədən belə tərəfdaşlıq çərçivəsində növbəti 3 il ərzində müntəzəm birgə görüşlərin keçirilməsi nəzərdə tutula bilər.

 

Eyni zamanda, qəzetin mənbəyinin sözlərinə görə, İran və digər istehsalçı ölkələr Səudiyyə Ərəbistanı və Rusiyanın dominantlıq edəcəyindən çəkinərək daha sıx əməkdaşlığa qarşı çıxır.

 

Məlumatda OPEC ilə Rusiyanın başçılıq etdiyi 10 istehsalçı ölkə arasında razılaşmaların müzakirəsinin fevralın 18-də Vyanada keçiriləcəyi qeyd olunur. Vurğulanır ki, nazirlər hər iki qrupun nümayəndələrinin aprel ayında baş tutacaq görüşündə yekun saziş üzrə anlaşma əldə olunacağına ümid edirlər.

 

Nəşrin məlumatına görə, neft istehsal edən ölkələr arasında daha sıx əməkdaşlığın hansı yeni formada olacağı ilə bağlı bir neçə variant var, həmçinin yeni təşkilatın yaradılması imkanı da nəzərdən keçirilir.

Google+ WhatsApp ok.ru