Oruc tutan üçün iki sevinc var

Oruc tutan üçün iki sevinc var

-- Ramazan ayı münasibətilə ruhani Hacı Bəxtiyar Hüseynovla müsahibə

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız  ruhani Hacı Bəxtiyar Hüseynovdur.

Bismillahir-rəhmanir-rəhim

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz…

Mən lap erkən yaşlarımdan, yəni 5-6 yaşımdan Quran oxumağa, 12-13 yaşımda da oruc tutmağa başlamışam. Amma maraqlı xatirəyə gəldikdə, mənim üçün maraqlı və xoş xatirələrdən biri budur ki, II Dünya müharibəsində öz həyat yoldaşlarını itirmiş yaşlı qadınlar üçün mübarək Ramazan ayında orucluq dualarını oxuyurdum.

 

2. Orucluq haqqında şəxsi təəssüratlarınız haqda nə deyə bilərsiniz?

Qurani Kərimdə buyurulduğu kimi, oruc Allahın vacib buyurduğu bir əməldir. Oruc hər cəhətdən insana səfa verir; bəzən uşaqlığın yada salır, valideynləri, dostları ilə xatirələrini seyr edir. Bunlar həmişə şirin xatirələrdir. Oruc tutanda insan o qədər səfa-səmimiyyət dolu hisslər keçirir ki, o hisslər içində insanın mənəviyyatı inkişaf edir, maddi aləmdən uzaq olur. Necə ki, əvvəlki xatirələri xatırlayanda, insan necə səfalı olursa, orucluq da əvvəl-axır insana o səfanı bəxş edir, hədislərdə də buyurulduğu kimi, fəqirlər yad edilir.

 

3. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

Peyğəmbəri-Əkrəm (s) buyurur:

الصَّوْمُ جُنَّةٌ مِنَ النَّار

Oruc cəhənnəm odu müqabilində qalxandır.”

Cəhənnəm odur ki, Peyğəmbər (s) onu yada salanda, onun haqda danışanda və ya ayə nazil olanda, o qədər ağlayardı ki, Cəhənnəmdən Allaha pənah aparardı. Oruc cəhənnəm odunun müqabilində qalxandır, maneədir. İnşallah, oruc tutana cəhənnəm odu yaxınlaşmaz!

Bir “hədisi-Qüdsi”də də buyurulur:

الصوم لي و انا اجزي به.

“Oruc Mənim üçündür və onun mükafatını da Mən Özüm verəcəyəm və yaxud mükafatı Mən Özüməm.”

Hər halda, mükafatı verən Allah-Taaladır, amma orucluğun əhəmiyyətinə görə, bunu xüsusi qeyd edib.

 

4. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Orucu batil edən bir sıra əməllər var ki, insan həmin əməllərdə diqqətli olmalıdır və həmin əməllər risalələrdə mövcuddur. Oducun bir zahiri var, bir də batini; orucun zahiri orucu batil edən işlərdən çəkinməkdir. Batini isə odur ki, əzalar oruc olmalı, naməhrəmə baxılmamalı, qeybətə yol verilməməlidir. Ondan da üstünü odur ki, insanın qəlbi və fikri də oruc olmalıdır. Bu, artıq böyük bir məqamdır.

5. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Təbii ki, oruc müsəlmanları vəhdət halına salır, birləşdirir. Cəmiyyətin imkansızları və kasıbları yad edilir, həm iftar zamanı, həm dər sədəqə və fitrə çıxarılanda! Ümumiyyətlə, orucluqda cəmiyyətə səfa-səmimiyyət hökm sürür. Oruc tutan diqqətli olmalıdır ki, gününü təkcə ac-susuz qalmaqla başa vurmasın, vaxtının bir hissəsini təfəkkürə, dualara da ayırsın.

6.  Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumaq istəyərdiz?

Qurani-Kərim Allah-Taalanın bizə bəxş etdiyi böyük nemətdir. Alimlərdən biri buyurur ki, Allah-Taala bizə danışmaq üçün Qurani-Kərimi göndərib. Bizim üçün məsləhət bildiyi söz, danışıq, kəlam, rəftar Qurani-Kərimdir. Bizim qanunumuz, kitabımızdır. Qurani-Kərim hidayət kitabıdır. Danışığımız, baxışımız, rəftarımız Qurani-Kərimin buyruğuna uyğun olmalıdır. Onun hər bir ayəsi ibrətdir. Şükürlər olsun ki, Allah-Taala mənə tofiq verib neçə illərdir ki, Ramazan ayında Qurani-Kərimin təfsirini tədris edirik. “Hər bir şeyin baharı varsa, Qurani-Kərimin baharı da Ramazan ayıdır.”

Allah-Taala buyurur ki, oruc tutun ki, təqvalı olasınız və hər kim də təqvalı olsa, Allah-Taala Özü ona müəllimlik edər, bilmədiyini öyrədər. Orucun təsiri təqvalı olmaqdır və təqvalı olmaq da budur ki, Allah-Taala insana müəllimlik edir; insan təqva sayəsində haqqı batildən ayırır, hər bir çətinlikdən çıxış yolu tapır.

7. Zəhmət olmasa, Ramazan ayı barədə məsumlardan (ə) və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

İmam Sadiq (ə) buyurur:

لِلصَّائِمِ فَرْحَتَانِ فَرْحَةٌ عِنْدَ فِطْرِهِ وَفَرْحَةٌ عِنْدَ لِقَاءِ رَبِّهِ

“Oruc tutan üçün iki sevinc var: onlardan biri iftar vaxtıdır. Digəri isə Allahın liqasına çatandan (əbədiyyətə qovuşandan) sonradır.”

Doğurdan da, iftarda xüsusi səfa və səmiyyət var, Allahın verdiyi hər bir nemət insanın qarşısına qoyulanda, onu necə ləzzətlə meyl edir. O an həm fəzilətli, həm də duaların qəbul olduğu bir vaxtdır Bu oruc tutan üçün böyük fərəhdir.

 

8. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Orucluqda çox diqqətli olmaq lazımdır. Bütün əməllərdə olduğu kimi, oruc tutanda da, əvvəla “qürbətən iləllah” (Allaha yaxın olmaq) niyyəti ilə oruc tutmalıyıq. Ən əsası da odur ki, insan bu gözəl ayı qəflətdə keçirtməsin; dua etməkdən qafil olmasın; yalnız ac-susuz qalmaqla kifayətlənməsin; əxlaq və rəftarlarına, halal-haramlara fikir versin; vacib əməlləri, məxsusən, gündəlik namazları vaxtlı-vaxtında yerinə yetirsin, günahlardan çəkinməklə yanaşı, keçmiş günahlarının bağışlanmasını da Allah-Taaladan istəsin! Allah-Taala bütün oruc tutanların ibadət və itaətini qəbul etsin!

 

Google+ WhatsApp ok.ru