Oruc tutun ki, sağlam olasınız

Oruc tutun ki, sağlam olasınız

-- Ramazan ayı münasibətilə ruhani Hacı Əfqan Muradovla müsahibə

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız  ruhani Hacı Əfqan Muradovdur.

 

Bismillahir-rəhmanir-rəhim

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz…

İlk dəfə oruc tutmağım hələ yetkinlik həddinə çatmadığım dönəmə təsadüf edir. Mən o zaman risalədən dərs alırdım. Amma hələ orucun hökmləri bölümünə çatmamışdım. Rəhmətlik Molla Bəylər əmi mənim ustadım idi, sonradan da qaynatam oldu. Yetkinlik yaşıma yaxın vaxtlar idi. Ramazan ayı da yaxınlaşırdı. Orucun hökmləri haqda heç bir məlumatım olmadığından rəhmətlik Molla Bəylər əmiyə dedim ki, mümkünsə, mənə risalənin orucun hökmləri ilə bağlı bölümdən dərs keçsin. Səbəbini soruşdu. Vəziyyəti ona açıqladım. Rəhmətlik orucluğun hökmlərini öyrənmək istədiyim üçün çox sevindi. İlk dəfə oruc tutmağım haqqında xatirəm budur. İlk dəfə oruc tutduğum zaman yadıma gəlir ki, çox isti günlərə, həm də günün çox uzun olduğu bir vaxta təsadüf edirdi. Yadımdadır, oruc olmağımı uşaqlardan, həmyaşıdlarımdan, məktəb yoldaşlarımdan, məhəllə uşaqlarından gizlədirdim. Çünki onlar mənim oruc olduğumu bilsəydilər, məni ələ salacaqdılar. İndikindən fərqli olaraq, o vaxt gənclər bugünkü gənclər kimi deyildilər. Şükürlər olsun ki, indiki gənclər içində dindarların sayı az deyildir. Əgər yaşlı nəsillərdən nöqsanlı sözlər, əməllər, hərəkətlər az-çox müşahidə ediriksə, bunu indiki gənclərdə az müşahidə edirik. Amma o dövrdə əksinə idi. O dövrdə yaşlı nəsillər dinə, şəriətə daha çox meyilli idilər. Məktəbdə aparılan əks-təbliğatların nəticəsində utandığımdan, çəkindiyimdən, mənə istehza etməsinlər deyə oruc olduğumu gizli saxlayırdım. Hətta, Quran oxumağımı belə heç kimə demirdim. Mənim Quran oxumağımı bir-iki uşaq bildiyi üçün, qorxumdan həmişə onlarla yaxşı rəftar edirdim ki, olmaya onlar məndən küsüb Quran oxumağımı müəllim və şagirdlərə xəbər verələr. Yadıma gəlir ki, küçəmizdə say hesabı ilə oruc tutan dörd nəfər var idi. Onlar gecənin bir vaxtında durub bir-birini çağırardılar. Zəngli saat hamıda yox idi. Ayıq-sayıq yatırdılar ki, obaşdana gecikməsinlər. Xatirələri yadıma saldıqca özümə də xoş gəlir. Danışanda sanki yenidən həmin dövrə qayıdıram…

2. Orucluq haqqında şəxsi təəssüratlarınız haqda nə deyə bilərsiniz?

Orucluğun özündə insan üçün bir sevinc var. Mümüknüdür mübarək Ramazan ayı boyunca bu sevincin həddi-hüdudu bilinməsin və hiss olunmasın, lakin mübarək Ramazan bayramından sonra insan bu mübarək ayın bitməsinə görə çox kədərlənir, günlərin keçib-getməsini çox təəssüflə qeyd edir. Arzulayır ki, növbəti ildə, yenə mübarək Ramazan ayını dərk etsin, oruc tutmağa müvəffəq olsun. Mübarək Ramazan ayının insan həyatında çox böyük təsirləri var; insana xüsusi mənəvi ab-hava hakim olur, bütün tədbirlər, bütün məclislər, bütün insanlarla ünsiyyətlər, hamılıqla yadda qalır, xatirəyə çevrilir. Allah-Taala cəmiyyətimizə bəxş etdiyi bu neməti bizə çox görməsin!

3. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

Peyğəmbər (s) buyurub: “Summu təsihhu” – Oruc tutun ki, sağlam olasınız. Bu gün, müasir tibdə ac qalmaq və ya az qidalanmaq kimi müalicə metodu var və olduqca təsirli və effektli bir metoddur. Dünyanın ən tanınmış həkimləri məhz bu müalicə metoduna üstünlük verirlər. Hətta, bu yaxınlarda oxuyurdum ki, ac qalmaq xərçəng xəstəliyi riskini azaldır. Peyğəmbər (s) “oruc tutun ki, sağlam olasınız” – deyə buyurmaqla insanlara sağlamlığın yolunu da aşılayırmış.

 

4. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Günah etmək və harama qurşanmaq məqsədilə səfərə çıxan şəxsin hökmü – namaz və orucu haqda danışmaq istəyirəm. Bu haqda çox nadir hallarda birindən eşitmək olar ki, verilən sualın müqabilində cavab versin ki, birdən sənin səfərin günah səfəri olsun. Bəlkə qeybət etməyə gedirsən; bəlkə ata-ananın icazəsi olmadan səfərə çıxırsan; bəlkə getdiyin yerdə naməhrəmə baxacaqsan; bəlkə yalandan şahidlik etməyə gedirsən; bəlkə zalıma kömək etmək məqsədilə yola çıxırsan və s. Belə hallarda, qət edilən məsafənin uzaq-yaxın olmasından asılı olmayarq, sən orucunu tutacaq və namazını da tam qılacaqsan.

5. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Orucluğun İslam cəmiyyətinə verdiyi töhvə odur ki, insan dözümlü, mübariz və çətinliklər qarşısında səbirli olur. Hər bir çətinlikdən sonra asanlıq da var, sadəcə ona dözmək və çatmaq lazımdır. Məsələyə səbir, iradə və təmkinlə yanaşmaq lazımdır. Oruc tutmaq insanların mübariz əhval-ruhiyyəsini yüksəldir. Sanki 30 gün insan sübh vaxtı döyüş meydanına gedir və axşama dönəndə öz çadırına qayıdır. 30 gün nəfslə əql, imanla ehtiras, imanla insanın vücudundakı bəyənilməz xüsusiyyətlər mübarizə aparır. Bir aydan sonra insan qələbə bayramı edir. İnsanın əqli və imanı öz nəfsinə və tamahına qalib gəlir. “Fitr” bayramı qələbə bayramıdır. İnsan bir ay ərzində imanına sahib çıxıb imanını qorumağa müvəffəq ola bilir. Əgər insan bu müddətdə onu qorumağa müvəffəq ola bilirsə, qalan on bir ayda da imanını qorumağa müvəffəq ola bilir. Orucluğun İslam cəmiyyətinə verdiyi töhvə imanımızın yetkinləşməsidir və kamilliyə doğru irəliləməsidir.

6. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Qurani-Kərimdə buyurulur:

فَإِنَّ مَعَ العسر يسرا إِنَّ مَعَ العسر يسرا

“Bil ki, şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”

Bəli, hər qışın bir baharı da var; hər gecədənə sonra bir gündüz də var. Hər qarlı-buzlu günlərdən sonra bir bahar da var. Zülmün gücü varsa, haqqın da dönməz üzü vardır. Nə qədər üzü yuxarı çətindirsə, aşağı enmək bir o qədər də asan olacaq. Bütün çətinliklərdən sonra asanlıqla Allah bizi müjdələyir. Allah səbir edənlərlədir. Xoş o insanların halına ki, səbirli, dözümlü insanalrdır. Səbirli olmaqları ilə yanaşı özlərini dünyanın, axirətin sevincinə yetirəcəklər və müvəffəq olacaqlar, inşallah! Səbrin görə biləcəyi işi həzrət Yusifin (ə) qardaşalrı ondan soruşduqda; bu məqama nə ilə çatdın? Cavab verdi.

من يتق ويصبر فان الله لايضيع اجرا لمحسنين

“Hər kəs təqvalı və səbirli olsa, Allah onun savabını çoxaldar.”

7. Zəhmət olmasa, Ramazan ayı barədə məsumlardan (ə) və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

Atam mənə rəhmətlik Şeyx Məhəmmədin atası Nəcəfdə təhsil almış rəhmətlik Şeyx Qüdrət haqda bir əhvalat danışdı. Qeyd edim ki, təhqiqatlardan sonra Azərbaycan alimlərindən bəhs olunan bir kitab nəşr olunmuşdu. Nəşr sayı çox az olduğundan, hamı onu əldə edə bilmədi. Həmin kitab iranlı bir alim (dünyasını dəyişib) tərəfindən yazılmışdı. O kitabdan biri mənim əlimə çatdı. Ordakı məlumatlara baxdım, məlum oldu ki, Şeyx Qüdrət ömrünün axırına kimi “ayətullah” dərəcəli alim olmasını hamıdan gizlədib. Amma kitabın müəllifi təhqiq edəndən sonra dəqiq sənədlərlə müəyyənləşdirmişdi ki, Şeyx Qüdrət “ayətullah”dır. Mən buna çox sevindim. Atamın onunla çoxlu xatirələri var idi. Bu xatirələrdən biri də Ramazan ayı barəsində idi. Şeyx Qüdrət bolşeviklərin hakimiyyəti dövründə həbsə məruz qalır. Bu insan çox cəsarətli, şücaətli və imanlı insan imiş. Elmli olması ilə yanaşı, həm də iman baxımından o qədər yüksək imiş ki, Nəcəfdə Şeyx Qüdrətə “Müqəddəs” deyirmişlər. Dinlə mübarizə aparıldığı bir dövrdə, bolşeviklərin hakimiyyəti vaxtında təqiblərə məruz qalan Şeyx Qüdrət apardığı mübarizəyə görə onları xalq düşməni kimi təqib edirdilər; ruhaniləri hər zaman bir bəhanə ilə ya öldürürdülər, ya da sürgünə göndərirdilər. Belə bir şəraitdə, bir gün Ramazan ayında Şeyx Qüdrət bazara gəlir və Kolxoz sədrinin qəlyan çəkdiyini göürür. Şeyx onun əlindən qəlyanı alıb suya atır və deyir ki, utanmırsan, sədr olduğun üçün də lovğalanırsan?! Allahdan qorxmursan sən?! Bu mübarək ayın hörmətini açıq-aşkar sındırırsan?!

Bəli, Mübarək Ramazan ayının hörmətinin saxlanılması məsələsində hər kəs imkanı qədərində, hətta zəruri halda oruc yeyilirsə belə, yenə də onlara Ramazan ayının ehtiramını qoruyub-saxlamaq və aşkarda yemək-içməkdən çəkinməyi bildirməlidir.

8. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Tövsiyə böyüklərin işidir, amma bir-birimizin boynunda haqqımız olduğu üçün bir-birimizə tövsiyə edə bilərik. “Bəqərə” surəsinin orucluqla bağlı məhşur ayəsində buyurulur ki:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib olduğu kimi, sizə də oruc vacb oldu. Bəlkə təqvalı olasınız!”

Mübarək Ramazın ayının bizə töhvəsi təqvalı olmaqdır. Allah-Taala da əməli təqvalılardan qəbul edir:

إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

“Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir.”

Başqa bir ayədə də belə buyurulur:

إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُم

“Həqiqətən sizin Allah yanında ən hörmətliniz təqvalı olanlarınızıdır.”

Təqvalı və mömin olmaq hər birimizin arzusudur. Orucluq bizi iman və təqvaya dəvət edir. Əgər biz buna müvəffəq ola bilsək, çox böyük iftixardır. Mübarək Ramazan ayının orucu ilə buna nail ola bilərik.

 

Google+ WhatsApp ok.ru