Orucluq insan ruhunda izzəti-nəfs yaradır

Orucluq insan ruhunda izzəti-nəfs yaradır

-- Ramazan ayı münasibətilə ruhani Hacı Adil Əhmədovla müsahibə

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız  ruhani Hacı Adil Əhmədovdur.

Bismillahir-Rəhmanir-Rəhim

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz…

İlk öncə imamət səmasınım ikinci parlaq ulduzu, Əhli-beytin (ə) kərimi imam Həsən Müctəbanın (ə) mövludu ilə əlaqədar bütün oxucuları və Maide.az saytının bütün əməkdaşlarını təbrik edir və sözügedən saytın baş redaktoru, hörmətli ruhani Şeyx Sərdar qardaşımızın tezliklə möminlərə qovuşmasını uca Allahdan təmənna edirəm. Kərim bir şəxs qonaqlıq verdikdə, bəzən süfrənin ortasına gül qoyur. Həmin gül süfrəyə bir az da gözəllik verir, ətir saçır. Ramazan ayı Allah qonaqlığıdır. Bu ayın, bu süfrənin tən ortasında Allah imam Həsən (ə) adlı bir gül yerləşdirib ki, onun ətri bu ayı büsbütün bürüyüb.

Suala gəlincə isə, orucdan öncə, ümumiyyətlə, namaza gəlməyimdən başlayaq: 11 yaşımdan namaz qılmağa başlamışam. Qonşuluğumuzda yaşayan bir dostum Göyçay rayonu 6 N-li orta məktəbdə açılmış Quran kursuna gedirdi. Bir gün onun dəftərinə baxdıqda, "həyyə ələs-səlat" (namaza tələs) sözü gözümə sataşdı. Soruşdum ki, bu nə deməkdir? Azanın sözləri olduğunu dedi. Bu söz məni özünə çəkdi. O zaman Quran kursuna riyaziyyat müəllimi Səlim müəllim rəhbərlik edirdi. İlk dəfə utana-utana ona yaxınlaşıb, dərsə gəlmək istədiyimi dedim. Beləliklə, "həyyə ələs-səlat" cümləsi ilə dindarlığımız başladı.

İlk oruc tutduğum günü xatırlamıram. Ancaq yadımdadır ki, 12-13 yaşlarım olardı. Səhv etmirəmsə, ilk dəfə hörmətli ruhani Hacı Cəlal müəllim məndən oruc tutmağımı istədi. Əvvəl elə bilirdim ki, oruc halında ağız suyunu udmaq olmaz. Odur ki, bir neçə gün çətin keçdi. O zamanın iftar vaxtının şirin anlarını indi də hiss edirəm. Atam öz gəncliyindən danışır və deyirdi: - A bala, biz gənc vaxtı yayda oruc halında xəndək qazırdıq.

2. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

Bir “hədisi-qüdsi” deyim. Buyurur: ”Oruc mənə məxsusdur və onun mükafatını da özüm verəcəyəm, yaxud onun mükafatı Özüməm.”

Oruc insandan fiziki əməl tələb etmir, çəkinmələrdən ibarət bir ibadət növüdür. Odur ki, xalisliyə daha yaxındır. Əslində, zatən insanlar fitri olaraq pakdır, ilahidir. Sadəcə olaraq günahlar bu arada maneə yaradır. Oruc isə bu maneənin aradan qalxmasına, insanı öz əsl fitrətinə qaytarmasına xidmət edir.

3. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Orucu batil edən əməllər arasında qəflət etdiyimiz hökmlərdən biri oruc halında Allaha, Peyğəmbərə (s) və imamların adından yalan danışmaq, demədikləri sözü onlara nisbət verməkdir. Odur ki, hədis deyərkən, sosial şəbəkələrdə paylaşarkən diqqətli olmalıyıq. Hörmətli Əhli-beyt rövzəxanları sənədli və mötəbər rövzələri oxumağa çalışmalıdırlar. Bu başqa günlər üçün də bir məşq ola bilər.

4. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Orucluq insan ruhunda izzəti-nəfs yaradır. Müsəlmana fərd olaraq, müsəlmanlara bir ümmət olaraq şəxsiyyət verir. Öz nəfsi ilə bacara bilən, tamahkarlığı cilovlaya bilən bir xalq, başqaları qarşısında əyilməz, yaltaqlanmaz. Belə bir millət- Firon zəlil günə qoyaraq, onlara "Mən sizin böyük allahınızam!” – deyə bilməz. Orucluğa belə bir gözlə baxmaq lazımdır.

5. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Çünki Quranın bütün ayələri nurdur. Amma bəzi ayələrin özünəməxsus cazibəsi var. Məncə aşağıdakı ayələr dilimizin əzbəri olmalıdır:

"Agah olun, qəlblər yalnız Allahı yad etməklə aram olar" – bu ayə insana aramlıq bəxş edir. Stresslərlə dolu müasir dövrümüzdə bu ayə öz əhəmiyyətini göstərir.

"Hər bir çətinliklə yanaşı asanlıq var" – ayəsi insana ümid verir.

"Biz insanı çətinlikdə yaratdıq" – bu ayə insanı reallıqla barışdırır.

"Bilmirsən ki, Allah görür?!" – bu ayə isə insanı günahdan saxlayır. Tələbəlik dövrümüzdə bu ayəni tez-tez təkrarlayar, yazıb otaqdan asardıq.

6. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Əslində bizim tövsiyəyə ehtiyacımız var. Lakin ağlıma bu gəlir ki, çalışmalıyıq ki, bu Ramazan ayında əldə etdiyimiz mənəvi nailiyyətlərdən birini (gündəlik Quran oxumağı, səhərlər oyanmağı, Allahla münacat və s.) növbəti aylarda da davam etdirməli, beləliklə, gələn Ramazan ayına çatdırmalıyıq. Bu, bizim üçün böyük bir qazanc ola bilər. Böyük cihad adlanan nəfsani istəklərlə mübarizəyə hər birimizin ciddi ehtiyacı var.

 

Google+ WhatsApp ok.ru