Şotlandlar Azərbaycandan çıxmağa kömək istəyir

Bakıda gecə klubunda dava-dalaşdan sonra saxlanmış iki şotland neftçi vətənə dönmək üçün Şotlandiya hökumətindən kömək istəyib.
 
Mark Munro və Allan Tait həmin insidentdən sonra Azərbaycandan çıxa bilmədiklərini bildirir.
 
Cənab Tait dalaşmada iştirak etdiyini etiraf edib və zərərçəkənlərdən birinə bir neçə min funt-sterlinq kompensasiya da ödəyib. Ancaq hər iki şəxsə vəziyyət aydınlaşdırılana qədər ölkədən çıxmağa qadağa qoyulub. Baxmayaraq ki, polis onların əleyhinə dəlil olmadığını da bildirir.   
 
BU şəxslərin dindirilməsindən bir neçə həftə keçir və onlar kömək üçün Şotlandiyanın birinci naziri Nicola Sturgeon-a müraciət edib.
 
“Scotsman” saytının məlumatına görə, iyunun 29-da bu şəxslər durumun “qorxulu” olduğunu, işin yubanmasından getdikcə narahat olduqlarını bildiriblər.
 
30 yaşlı Munro söyləyib: “Səfirlik deyir bu, bir prosedurdur, onlar məsələyə qarışana oxşamırlar. Bizə elə hey deyirlər ki, bu həftə bitir, ancaq həftələr aylara çevrilib. Qorxulu durum yaranır”.
 
Hadisə cənab Munro və həmkarları bir müddət BP-nin platformasında işləyəndən sonra sahilə çıxdıqları gecə baş verib. O və Tait polis tərəfindən saxlanıb və məhkəməyə çıxarılıb. Munro deyir ki, kompensasiya ödəyib və ona ittihamların götürüldüyü bildirilib. Onlar işə qayıdıblar, ancaq bir neçə gün sonra polis onları təzədən dindirməyə çağırıb. Pasportları müsadirə olunub. Sənədlər daha sonra Britaniya səfirliyinə qaytarılsa da, ölkədən çıxışlarına qadağa qoyulub.
 
Cənab Munro oteldə qalmağa xeyli pul xərcləyir və getdikcə gərginliyin artdığını deyir. “Sadəcə, bilmirəm nə baş verir”. Ögey anası Pauline bildirir ki, hakimiyyət Munro-nun çoxsaylı suallarına cavab vermir: “Allan-ın niyə saxlandığını da anlamırıq. Kompensasiya ödəyib və əlində qəbzi var. Sadəcə, cavab istəyirik. Bu işin sonu görünmür”.

Google+ WhatsApp ok.ru