Çovdarovun daha bir cinayəti üzə çıxdı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Mircəlal Kərim oğlu Nəsrullayev "Azadlıq"a məktub göndərib. Məktubda deyilir:
 
"Mən 21 il Rusiyada yaşayaraq kiçik bir müəssisənin direktoru olmuşam. 1994-cü ildə  Heydər Əliyevin çağırışıyla   Azərbaycana gəldim və Rusiyada olan əmlakımı pula çevirərək  burda iş qurmaq qərarı verdim. 1997-ci ildə yaxın qohumumla Balakən rayonunda, 2000-ci ildəsə Qax rayonunda fındıq zavodu açdıq. Zavodun bütün avadanlıqlarını Türkiyədən gətirdim. 2004-cü ildə Qaxda türk dəyirmanını işə saldım.  300 nəfəri işlə təmin etdiyimə görə müəssisələrimin açılışı televiziyada da göstərildi. Yerli əhali əkdiyi fındığı mənə nəqd pula sataraq dolanırdı. Zavodum regionda fındıqçılığın inkişafına təkan vermişdi. Müəssisədə istehsal olunan məhsulu Italiyaya ixrac edirdim. Ölkəmizə milyonlarla dollar pul gəlirdi. Həmin vəsaitlə istehsalatı genişləndirir, həm də yerli əhalinin sosial durumunu yaxşılaşdırırdım.
 
2008-ci ilin 29 iyulunda mənə MTN-in Ramin adlı əməkdaşından zəng gəldi. Məni MTN-ə dəvət etdilər və Akif Çovdarovun qəbuluna apardılar. Bununla da qara günlərim başladı.  Çovdarov Azərbaycanda iş gördüyümə görə məndən 100 min manat pul istədi. Əks təqdirdə məni məhv edəcəyini, həbsə atacağını dedi. Mənə hədə-qorxu gələrək səhərə qədər orada saxladılar. Məndən 35 min manat alandan sonra pulun qalan hissəsini tapıb gətirmək üçün buraxdılar. Mənə bir neçə dəfə zəng etsələr də, pulun qalan hissəsini verməkdən imtina etdim. Buna görə məni həbs etdilər. 24.12.2008-ci ildə həbs olunmuşam. Ağır Cinayətlər Məhkəməsi Çovdarovun təzyiqilə məni  9 il azadlıqdan məhrum etdi. Hazırda 7 ildir ki, cəza çəkirəm. 7 ildir zavodum və dəyirmanım bağlanıb. Fəhlələrim işsiz qalıb, bağbanlar məhsulunu satmağa bazar tapmaqda çətinlik çəkirlər. Fəaliyyət göstərdiyim illərdə imkansız ailələrə, qaçqınlara, təbii fəlakət zamanı zərər çəkən insanlara yardım edirdim. Həmçinin, bütün tədbirlərə maddi yardım edirdim. Cəza çəkdiyim 7 il müddətində MTN tərəfindən təzyiqlər hiss etmişəm. Çünki apellyasiya və kassasiya  şikayətlərim baxılmadan qüvvəsində qalıb. Cəzamın 3/4 hissəsini çəkməyimə baxmayaraq, məni məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə buraxmırlar. Cəza şəraitim yüngülləşdirilmir, şikayətlərimə baxılmır.
 
Cənab prezident! Son vaxtlar MTN ətrafında baş verən məlum hadisələr, sahibkarlara qarşı qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslər barədə keçirdiyiniz tədbirlər məni sizə müraciət etməyə həvəsləndirdi. Ona görə də xahiş edirəm, mənə yardım edin. Mənə qarşı haqsızlığın  araşdırılmasında mənə kömək edin. Cəzamın sonuna 2 il qalır, azad olunmağıma yardım göstərməyinizi xahiş edirəm. Azad olunandan sonra bağlanan zavodlarımın fəaliyyətini bərpa etmək istəyirəm. Yeni iş yerləri açaraq bağban-fermerlərə və yerli işçi fəhlələrə, onların ailələrinə yardım etmək istəyirəm".

Google+ WhatsApp ok.ru