Oxucu sual verir

Sual: Nişanlım xums verir, əgər qaynatam xums vermirsə, evlənəndə bizim onlarla yaşamağımızın, qaynatamın evində, onun qazancından yeməkdə hökmümüz nədir? Və nişanlı olduğumuz zaman qaynatamgilə qonaq getməyim, onlarda yediyim yeməyin hökmü nədir? 

Cavab: Kimliyindən asılı olmayaraq, əgər malın xumusunun verilməməsinə əmindirsə, xumuslu maldan istfadə edə bilməz. Yox, əgər xumusun verilib verilməməsindən əmin deyilsə, araşdırılması lazım deyil. Belə olduğu surətdə həmin şəxsin malından, süfrəsindən istfadə edilə bilər. Əgər əmin olsa ki, qonaq olduğu süfrənin xumusu verilməyib, öz istfadə etdiyi miqdarın xumusunu çıxartmaq şərti ilə həmin süfrədən də istfadə edə bilər.

Sual: Bir xanımın valideynləri hicabı qəbul etmirlər. Qızı ümumiyyətlə örtünməyə qoymurlar. Qızı da hicabı qəbul etməyən bir oğlana verirlər. Oğlanın valideynləri də hicabı qəbul etmirlər. Güclə dünyəvi şəxsə verirlər. Ancaq xanım o adama ərə getmek istəmir. İstəyir dindar şəxslə ailə qursun və hicaba keçsin. Bu halda ana-atanın razılığı olmasa, həmin xanım valideyn razılığı olmadan dindar şəxslə ailə qura bilərmi?

Cavab: Əgər qızın atası bəlli bir dindarla qızının evlənməsinə razı deyilsə, atanın buna səlahiyyəti çatır və onun icazəsi olmadan evlənə bilməzlər, atanın hər hansı bir səbəbdən razılaşmamasından asılı olmayaraq. Yox əgər ata ümumiyyətlə qızının mütləq şəkildə hər hansı bir dindar şəxslə ailə qurmağına qarşıdırsa, belə olduqda atanın icazəsi olmadan da qız özünə münasib gördüyü dindar şəxslə ailə qura bilər.

Sual: Bir xanım nəzir edib ki, kimə isə 200 manat pul verər, Məşhəd ziyarətinə göndərər. Yəni lazım olduğundan da bir qədər əlavə məbləğ verib. Həmin şəxs gedərkən, yolda zəvvarların qəzası baş verdi, yoldan qayıdası oldu. Ziyarətə aparanlar həmin şəxsə ilkin olaraq 100 manat qaytarıblar, o da gətirib xanıma verib ki, hələ getmirik. Xanım xərcləməyib həmin pulu, saxlayıb. Həmin xanım özü hicablıdır və xəstədir. Amma niyyətində var ki, yenə gec-tez qismət olsa, nəzrini yerinə yetirsin, kimi isə ziyarətə göndərsin. İndi istəyir ki, həmin pulun üstünü düzəldib ziyarətə getsin. Gedə bilərmi?
 
Cavab: Nəzrin səbəbi əda olduğu üçün həmin xanım qaytarılmış 100 manatdan  özü üçün istifadə edə bilməz. Məşhəd ziyarətinə gedən hər hansı bir şəxsin səfər xərcinə kömək məqsədi ilə 100 manatı versə, boynunda olan nəzri ödəmiş olacaq. 

Google+ WhatsApp ok.ru