Oğurlanmış qaztənzimləyiciyə görə abonent qazsız qalıb

Oğurlanmış qaztənzimləyiciyə görə abonent qazsız qalıb

«İki ildən çoxdur ki, mənə məxsus evin qaz sayğacının önündə quraşdırılmış qaz tənzimləyicisi oğurlandığından qazdan istifadə edə bilmirəm. Görün məmurlar vətəndaşı nə qədər süründürür ki, vətəndaş məcbur qalıb bir qaz sayğacından ötrü də prezidentə yazır».
 
Bunu AzadlıqRadiosuna Masazır sakini, 1-ci qrup əlil Miryaqub Babayev deyir.
 
«TƏQAÜDÜM HEÇ DƏRMANLARIMA ÇATMIR»
M.Babayevin evi nə az, nə çox - düz iki ildir ki, «Azəriqaz» işçiləri üzündən mavi yanacaqla təmin olunmur. Daha dəqiqi, iki il əvvəl oğurlanmış qaztənzimləyicinin yeri hələ də boş qaldığından, abonent qaz sayğacından istifadə edə bilmir:
««Azəriqaz»ın korrupsiya çirkabına bulaşmış idarələri bu avadanlığı özümə aldırmaq istəyirlər. İki ildən çoxdur ki, onlar buna çalışırlar. Aldığım 200 manat təqaüd heç dərmanlarıma çatmır, yediyim də qara çörəklə duzdur. Mən bunu iki ildir ki, «Azəriqaz»ın işçilərinə başa sala bilmirəm».
 
Əlilsə bu cihazın «Azəriqaz» tərəfindən pulsuz quraşdırılmalı olduğunu yaxşı bildiyini və «Azəriqaz» ASC-nin hərəkətlərindən baş prokurora da yazdığını deyir. Baş prokurorluqsa şikayət məktubunu araşdırılması üçün əlilin yaşadığı ərazi üzrə Abşeron rayon Prokurorluğuna göndərib. Rayon prokurorluğu ona məhkəməyə müraciət etməsini məsləhət görüb.
 
RÜSUM ÖDƏMƏYİB, İDDİA ÖZÜNƏ QAYIDIB
M.Babayev:
«Mən də aldığım rəsmi cavabları, polisdən oğurluğu təsdiqləyən sənədi və iddia ərizəmi Abşeron rayon Məhkəməsinə təqdim etdim. Məhkəməyə rüsum ödəmək imkanım olmadığından iddiamı özümə qaytardı».
 
Məhkəmədən əli üzülən abonentin son ümidi yenə ölkə başçısına yazmağa qalır. Budəfəki məktubundan sonra Abşeron rayon Qaz İdarəsindən ona cavab gəlir:
«Cavabdan belə məlum oldu ki, guya onlardan qaztənzimləyici tələb etməyim əsassızdır. Açıq şəkildə yazmışdılar ki, «avadanlığı al, gərək quraşdıraq»».
 
Abşeron rayon Qaz İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, yalnız abonentin şikayəti araşdırıldıqdan sonra məsələyə münasibət bildirə bilərlər:
«Minlərlə abonent var, hazırda söhbətin konkret hansı abonentdən, hansı ünvandan getdiyini bilmirik, araşdırmaq lazımdır».
 
«ABONENT CAVABDEHLİK DAŞIMIR»
Hüquqşünas Vaqif Alıyev deyir, oğurlanmış avadanlığa görə abonent cavabdehlik daşımır:
 
«Avadanlığın oğurlanması, sınması, sıradan çıxması ilə bağlı abonent cavabdehlik daşımır. Bağlanmış müqavilə ilə avadanlığın təhlükəsizliyini «Azəriqaz» qoruyur. Avadanlığın oğurlanması barədə akt tərtib olunubsa, artıq «Azəriqaz» qısa zamanda yerinə yenisini quraşdırmalıdır. Təkcə qaztənzimləyici yox, «Azəriqaz»ın həyətdən kənarda quraşdırdığı digər avadanlıqlara görə də abonent cavabdehlik daşımır. Bu avadanlıqlara zərər dəydikdə, yaxud oğurlandıqda «Azəriqaz» qısa müddətdə yenisini pulsuz quraşdırılmalıdır. «Azəriqaz»ın abonentlərə xidmət göstərməsi ilə bağlı öhdəlikləri var».
 
Hüquqşünas deyir, əgər abonent məhkəmənin 20 manat məbləğində rüsumunu ödəyib qəbzi iddia ərizəsinə əlavə etsəydi, bu iddiaya mütləq baxılacaqdı və abonentin iddiası təmin olunacaqdı. İndi iş qalır abonentin yenidən məhkəməyə müraciət etməsinə. /

Google+ WhatsApp ok.ru