Pənah Hüseyn namizəd olduğu dairədə nəticələri tanımadığını bəyan edir

Maide.az xəbər verir ki, ölkə müxalifətinin tanınmış simalarından Pənah Hüseyn namizəd olduğu 63 saylı Sabirabad I seçki dairəsində seçkinin nəticələrinə dair bəyanat yayıb.
 
P.Hüseyn bu dairədə 105 müşahidəçi, 6 vəkil və 40 könüllü ilə müşahidə aparıldığını bildirib. Deputatlığa namizəd səsvermə və səslərin hesablanması zamanı seçki məntəqələrinin çoxunda nəticəyə təsir edəcək kütləvi pozuntuların olduğunu bildirir. 
 
Namizədin seçki qərargahının çoxsaylı aktlar, video-audio materiallar əsasında hüquqi pozuntulara dair rəy hazırladığı, materiallar hazır olduqdan sonra ictimailəşdiriləcəyi qeyd edilir. 
 
Sənəddə səsvermənin nəticələrinin həqiqi olmamasına sübut kimi adı çəkilən dairədə seçici sayının cəmi 11 min nəfər olduğu halda Dairə Seçki Komissiyasının seçkinin nəticələrinə dair protokolda bunun 20372 nəfər göstərilməsinə diqqət çəkilir.
 
Bəyanatda 8 məntəqədə müşahidəçilərin səsvermə otaqlarından çıxarıldığı, 25 məntəqədə seçkilərin nəticələrinin  rəsmi élan olunmadığı, protokolların verilməsindən imtina edildiyi vurğulanır.   
 
Son olaraq müəllif yuxarıda sadalanan çoxsaylı hüquqi pozuntulara  əsaslanaraq 63 saylı Sabirabad I seçki dairəsində keçirilmiş seçkiləri baş tutmamış sayır, seçkilərin rəsmən elan olunmuş nəticəsini tanımadığımı bildirir.

Google+ WhatsApp ok.ru