Pənah Hüseyn narahatdır: `HƏBS EDƏCƏKLƏR`

Ölkə müxalifətinin məşhur isimlərindən Pənah Hüseynin bir çox yaxınlarının həbsi gözlənilir. Bu haqda Turan-a P.Hüseyn özü məlumat verib.
 
Onun sözlərinə görə, rayonun hüquq-mühafizə orqanları bu həbsə səbəb kimi ilyarım bundan öncə baş vermiş qarşıdurmanı göstərirlər. P.Hüseyn bildirib ki, həmin hadisədə hər-hansı kiçik xəsarət belə alan olmayıb. Hətta iki nəfər şahid elə bir qarşıdurmanın olmadığını, bunun özünün də bir qurama olduğunu söyləyirlər. “Hətta olubsa belə, ilyarım gözləyəndən sonra bunu qaldırmaq özü təəccüblü gəlir”, deyə P.Hüseyn bildirib.
 
P.Hüseyn qohumlarına Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü maddələri ilə cinayət işi başlandığını söyləyib. O deyib ki, noyabrın 30-na məhkəmə prosesi təyin edilib, prokurorun cəza istəyəcəyi gözlənilir. “Birdən-birə belə dramatik vəziyyətin seçkidən sonra yaradılması bizim üçün də gözlənilməzdir”, deyə P.Hüseyn qeyd edib.
 
P.Hüseyn onu da bildirib ki, şahidlər dindirilməyib, bir vəsatət belə təmin edilməyib, ittiham tərəfin sübutları olmadan belə məhkəmə prosesi təyin edilib.
 
Hazırda rayondan Bakıya qayıtmaqda olduğunu deyən P.Hüseyn məsələ ilə bağlı yaxn günlərdə mətbuat konfransı keçirməyi nəzərdə tutduğunu nəzərə çatdırıb.
 
Cinayət məsuliyyətinə P.Hüseynin qardaşı Adil Hüseyn, qardaşı oğlu Vasif Hüseynov, əmisi oğlanları Mənsur, Qaşqay, İxtiyar, Xalid və Sərxoş Hüseynovlar cəlb ediliblər.

Google+ WhatsApp ok.ru