Pambıqçılar da, pambıq da su istəyir

Pambıqçılar da, pambıq da su istəyir

"Sahələri şor su ilə suvarmaq məcburiyyətindəyik. pambıq şor sudan "doymur". Bu gedişlə, məhsuldarlıqdan danışmağa dəyməz"
 
Sabirabadın Moranlı kənd sakini Əzizbala Yusifov pambıq sarıdan narahatdır.
 
Onun fikrincə, kəndin ərazisindəki sahələrdə pambıq əkininə üstünlük verən hökumət nədənsə suvarma məsələsini həll etməyib. Bu üzdən də sahələr "külə dönür".
 
Kənd sakini Etibar Kərimov deyir, hazırda susuzluq hökm sürdüyündən pambığa yatırılan vəsaiti sanki havaya sovururlar:
"Bu qədər xərc çəkilir, ortada həm pul gedir, həm insanların əziyyəti... Pambıq vaxtından əvvəl gül açır. Bu da o deməkdir ki, məhsul olmayacaq. Heyf bu qədər çəkilən xərcə. Gübrəsi, toxumu var, ərazidə səyyar su nasosları quraşdırılıb, texnika da öz yerində, bircə susuzluq məhsul arzusunu alt-üst edir".
 
“Şor su ilə suvarılan torpaq...”
Rayonun Şəhriyar kəndində də pambıq əkməyə əlverişli şərait yaradılıb, amma su yoxdur. Kənd sakini Mətin Daşdəmirov deyir, su yoxdursa, məhsul da yoxdur:
"Gətirib texnika töküblər bura, gübrəsi, toxumu... Ancaq nə olsun ki... Əsas sudur, əvvəl suyu həll edib, sonra pambıq əkmək haqqında düşünməliydilər. Şor su ilə suvarılan pambıq sahəsindən gözünü çək. O sahədən çətin ki məhsul götürəsən".
 
Sakinlərin sözlərinə görə, suvarma işinin yaxşılaşdırılması üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsinə və yerli icra hakimiyyətinə müraciət edib. Onlara bildirilib ki, "yay fəslində suya tələbat çoxdur deyə, sahələr gözdolusu su görmür. Mətin Daşdəmorovsa başqa səbəblərdən danışır:
"Bizdə olan məlumata görə, suvarma suyu xüsusi sahələrə ötürülür, pambıq sahələri də susuzluqdan yanır. Əgər bu pambıq prezidentin göstərişi ilə əkilirsə, niyə su verilmir?".
 
“İstidir, çayın suyu... buxarlanır”
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsindən də oxşar cavab verilib. Bildirilib ki, sahələr suvarma suyunu,əsasən, Araz çayından götürür. Ancaq indi Araz çayında suyun səviyyəsi aşağı düşüb: "İstidir, çayın suyu quruyur, buxarlanır. Tərslikdən də məhz bu aylarda sahələrin suvarılması işləri artır, yəni suya tələbat artır. Çalışırıq ki, sahələrə su verilişini növbəli qaydada tənzimləyək".
 
İdarədən o da bildirilib ki, suvarma probleminin aradan qaldırılması üçün alternativ vasitə kimi Kür çayından 24 kilometr uzunluğunda kanal çəkilib. Kanalın keçdiyi kəndlərdə suvarma problemi qalmayıb. Növbəti il kanalın çəkilişi davam edəcək, rayonda suvarma problemi köklü həll olunacaq. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru