PARLAQ ULDUZ KİMİ...

PARLAQ ULDUZ KİMİ...

-- Allah-Taalanın nurlu çırağı haqda....

Allah-Taala “Nur” surəsinin 35-ci ayəsində Öz nurundan söz açaraq buyurur:

اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِیهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِی زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّی یوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَیتُونَةٍ لَا شَرْقِیةٍ وَلَا غَرْبِیةٍ یكَادُ زَیتُهَا یضِیءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُورٌ عَلَى نُورٍ یهْدِی اللَّهُ لِنُورِهِ مَنْ یشَاءُ وَیضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَیءٍ عَلِیمٌ

“Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nuru içində işıqlı çıraq olan çıraqqabı (qəndil) kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) bərəkətli zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır parlasın. (Yağın, çırağın, şüşənin və qəndilin nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayətlə) Öz nuruna tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.”

Ayədə Allahın nurundan söz açılır. Allahın nuru dedikdə, şübhəsiz, Onun zatı nəzərdə tutulmur və o dərkolunmazdır. Çox güman ki, bu nur Onun iradəsinin təzahürüdür. Çünki növbəti ayədə, “Nur” surəsinin 36-cı ayəsində ona müəyyən cəhət verərək belə buyurur:

فِی بُیوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَیذْكَرَ فِیهَا اسْمُهُ یسَبِّحُ لَهُ فِیهَا بِالْغُدُوِّ وَالْآصَالِ

“(Bu ilahi nur) Allahın ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.”

Allah-Taalanın nurlu çırağı haqda təfsir alimləri bir sıra mülahizələr yürütmüşlər:

1. Allah-Taalanın nuru möminin qəlbinə saçan və onun vücudunu tamamilə işıqlandıran “ilahi hidayət”dir. Sanki möminin qəlbi də işıqlı çıraqdır.

Allah göylərin yerin nurudur”, yə’ni Allah göyü və yeri hidayət edəndir. Aydınladan, zinət verən, hadi kimi nura aid bütün səciyyələrdən “üstün hidayət” mənası anlaşılır. Çünki digər ayələrdə də varlığın hidayəti qeyd olunur. “Nur üzərində nur” dedikdə, daimi və ardıcıl hidayət nəzərdə tutulur.

2. Allah-Taalanın nuru “Qurani-Kərim”dir. “Maidə” surəsinin 15-ci ayəsində bu haqda belə buyurulur:

... قَدْ جَاءَكُمْ مِنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُبِینٌ

“…Həqiqətən, Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.”

“Əraf” surəsinin 157-ci ayəsində də belə buyurulur:

... وَاتَّبَعُوا النُّورَ الَّذِی أُنْزِلَ مَعَهُ أُولَئِكَ هُمُ الْمُفْلِحُونَ

“…Onunla (Peyğəmbərlə) nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!”

3. İslam Peyğəmbəri (s) də Allahın nurudur. Belə ki, o həzrət hidayət və tövsiyələri ilə çıraq tək parlayır. Odur ki, Qurani-Kərimin “Əhzab” surəsinin 46-cı ayəsində o həzrət “siracən munir” – nurlu bir çıraq adlandırılır.

4. Allahın nuru möminin qəlbində ulduz tək parlayan imandır. Qurani-Kərimin “Zümər” surəsinin 22-ci ayəsində iman “nur”, küfr isə “zülmət” adlandırılır:

أَفَمَنْ شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَى نُورٍ مِنْ رَبِّهِ...

“Məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də, (həyatı boyu) Rəbbi tərəfindən iman nuruna əsaslanan möminin qəlbi zülmətdə olan kəs kimidir?….”

“İbrahim” surəsinin 1-ci ayəsində də belə buyurulur:

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَیكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِیزِ الْحَمِیدِ

(Ya Rəsulum! Bu Quran) elə bir kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik.”

5. Allah-Taalanın elm və maarif bəxş etdiyi insanın sinəsi çıraqdan, qəlbi qəndil (şüşə), mərifəti parıltı və mübarək zeytun ağacı da mələklərin ilhamlarından ibarətdir. Mələklərin “mübarək ağac”a bənzədilməsinin səbəbi onların ağac kimi böyük faydalara malik olmaları, nə şərqdə, nə də qərbdə olmamaları isə “mücərrəd” və metafizik varlıqları ilə əlaqədardır. Zeytun yağının oda toxunmasa da, sanki işıqlanmasının səbəbi isə, onların ilahi sirlərdən xəbərdar olmalarına görədir. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 35-ci məsəl, səh.124-126.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru