Partiyaların hüquqi statusuna və fəaliyyətinə yenidən baxılacaq

“Azərbaycanda bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik etməyə, məsələlərin hüquqi bazasını konkretləşdirməyə qərar vermişik”. 
 
Bunu APA-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanuna və bundan irəli gələrək digər qanunvericiliyə dəyişikliklərin edilməsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. S. Novruzov deyib ki, bununla bağlı dünya təcrübəsi əsas götürüləcək: “Məsələn, dünya təcrübəsində də var ki, partiya yaranandan sonra iki ildə heç bir siyasi prosesdə iştirak etmirsə, avtomatik bağlanır. Yeni hüquqi baza yaradarkən bunları nəzərə alacağıq. Bizdə bəzi partiyalar funksiyalarını yerinə yetirmir, alqı-satqı bazasına çevrilir. 90-cı illərdə Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyanı sonradan kimsə alır, kimsə nəsə edir. Bir sıra partiyalarda artıq məhkəmə çəkişmələri başlayıb. Bir tərəf deyir ki, partiyanın adı, möhürü mənə aiddir, digər tərəf isə ona aid olduğunu iddia edir. Biz bütün bunların hamısını qanunla tənzimləməliyik”.
 
Bu problemlərin hazırda AXCP və Müsavat Partiyalarında olduğunu deyən S. Novruzov bildirib ki, yeni dəyişiklik bu məsələləri həll edəcək, mübahisələrə son qoyacaq.
 
AXCP sədrinin müavini Gözəl Bayramlı və Müsavat başqanının müavini Elman Fəttah YAP-çı deputatın fikirlərini Meydan TV-yə şərh ediblər. 
 
Gözəl Bayramlı hesab edir ki, hakimiyyət hər zaman AXCP-nin fəaliyyətindən narahat olub: "Hətta sentyabrın 27-də keçirdiyimiz qurultayın nəticələrini dövlət reyestrinə daxil etməyiblər və bizə məhkəməyə müraciət göndərmək tövsiyə olunub. Bu faktın özü hakimiyyətin AXCP-nin fəaliyyətindən narahat olduğunu təsdiqləyir. Partiyamızın məqsədi Azərbaycanın demokratikləşməsidir, Novruzovun  demək istədiyi isə odur ki, AXCP-nin hüquqi qeydiyyatını ləğv edib sıradan çıxartsınlar. Bu hakimiyyətin başqa niyyətini görmürəm".
 
Müsavat funksioneri Elman Fəttah Siyavuş Novruzovun yalan danışdığını söylədi: "Demokratik qanunlarla idarə olunan ölkələrdə partiyaların bağlanması proseduru mövcud deyil. Partiyalar yalnız özlərini buraxa bilər. Hətta partiya rəhbəri cinayət edibsə, onun özü məsuliyyətə cəlb olunur, nəinki partiyası. İkinci, partiyaların fəaliyyətinin tənzimlənməsi məsələsinə hansısa bir partiyanın rəhbərliyində olan şəxsin mövqe bildirməsi sırf avtoritar idarəetmənin tərkib hissəsidir. Görünür, hakimiyyət hələ də avtoritar idarəçiliyi möhkəmləndirməkdən əl çəkmək istəmir. Çünki siyasi idarəetmə imkanlarının hər gün tükəndiyini bilirlər".
 
O, düşünür ki, hakimiyyətin alternativi Müsavat Partiyası və demokratik düşərgədir: "Bunu xarici analitiklər də göstərir. Sadəcə, hansısa qanuni yollarla alternativlərinin qarşısını ala biləcəklərini hesab edirlərsə, bu, mümkünsüzdür".  

Google+ WhatsApp ok.ru