Pasport və şəxsiyyət vəsiqələrini itirənlər üçün  - YENİ RÜSUMLAR

Pasport və şəxsiyyət vəsiqələrini itirənlər üçün - YENİ RÜSUMLAR

-- Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib

Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bununla əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.
 
Qanuna əlavə olunan 14.1-1-ci maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə -
 
10 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manat, 18 yaşına çatmış vətəndaşlara 50 manat; 5 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 30 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manat, 18 yaşına çatmış vətəndaşlara 90 manat; 1 iş günü müddətində verildikdə isə 1 yaşınadək uşaqlar üçün 50 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara görə isə 170 manat dövlət rüsumu tutulacaq.
 
Yeni 14.3-1-ci maddədə isə deyilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə -
 
10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə isə 45 manat dövlət rüsumu tutulacaq.
 
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər ümumvətəndaş pasportunun və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb. Hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən olunmuş hallarda dəyişdirilməsi nəzərdə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq.
 
Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.
 

Google+ WhatsApp ok.ru