Paşazadələrin şərikinə 11 il cəza istənildi

Paşazadələrin şərikinə 11 il cəza istənildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvləriylə biznes ortağı olan Müğdət Həşimova 11 il həbs cəzası istənilib. Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.
 
Müğdət Həşimov 2015-ci ilin avqustunda Paşazadələrlə şərikli klinikadan (Medi Sina) 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanaraq həbs edilib. Ona CM-in 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələriylə ittiham verilib.
 
Prokuror deyib ki, ittihamlar məhkəmədə sübuta yetirilib.
 
Bu iş üzrə zərərçəkmiş qismində Paşazadələrin yaxın adamı sayılan və «Hacı Mazan» kimi tanınan Ramazan Zeynalovun adı keçir. Hərçənd, onun klinikaya heç bir aidiyyəti yoxdur.
 
Prokurordan sonra Ramazan Zeynalovun nümayəndəsi çıxış edib. Məlum olub ki, Zeynalov Müğdət Həşimovun daha sərt cəzalandırılmasını istəyir. O, nümayəndəsi vasitəsilə məhkəmədən Həşimovun 15 il azadlıqdan məhrum edilməsini xahiş edir.
 
Məhkəmə fevralın 27-də Müğdət Həşimovun vəkili Elçin Sadıqovun müdafiə çıxışı ilə davam edəcək.
 

Google+ WhatsApp ok.ru