Penitensiar xidmət İlqar Məmmədovun döyülməsi barədə məlumatlara münasibət bildirib

Ədliyyə Nazirliyi Penitensiar xidməti hazırda həbsdə olan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədova qarşı cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərin olması ilə bağlı REAL-ın yaydığı bəyanata münasibət bildirib.

Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Cinayət Məcəlləsinin 220,1 və 315,2-ci maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 2 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən məhkum Məmmədov İlqar Eldar oğlunun fiziki hücuma məruz qalaraq xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Məhkum İlqar Məmmədov cəzasını insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkir", - məlumatda deyilir. Qeyd edək ki, REAL bu gün bəyanat yayaraq, son vaxtlar İ. Məmmədova fiziki hücumlar, təhdidlər edildiyini, dünən axşam saatlarında öyrədilmiş şəxslərin cəzaçəkmə müəssisəsində ona hücum edib, fiziki xəsarət yetirdiklərini bildirib.

Qeyd edək ki, REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov hücuma məruz qalıb. Bu haqda AzadlıqRadiosuna REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, hadisə dünən – iyulun 29-da axşam saat təxminən 9-da baş verib:
 
“Dustaqlar həyətdə gəzərkən bir nəfər İlqar Məmmədova hücum edib. Ona bir neçə zərbə endirib. Ölkədə vəziyyətin yaxşı olduğunu, niyə İlqar Məmmədovun bununla razılaşmadığını bildirib. İlqar bəy bunun təxribat olduğunu anlayıb. Digər dustaqlar onları ayırıblar”.
 
Natiq Cəfərli bildirib ki, İlqar Məmmədova qarşı edilən təzyiqlər aylardır davam edir və burada məqsəd ona zorla əfv ərizəsi yazdırmaqdır.
 

 

İyulun 30-da səhər vəkil Fuad Ağayev İlqar Məmmədovla görüşüb. Vəkil hadisə ilə bağlı hüquq mühafizə orqanlarına, Qırmızı Xaç Komitəsinə və digər beynəlxalq təşkilatları müraciət ediləcək. /

Google+ WhatsApp ok.ru