Penitensiar Xidmət qadın məhbusun körpəsinin öldüyünü açıqlayıb

Penitensiar Xidmət qadın məhbusun körpəsinin öldüyünü açıqlayıb

 
Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən Mahnurə Hüseynova istintaq təcridxanasında uşaq dünyaya gətirdiyini, lakin uşağın yoxa çıxdığını bildirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı araşdırma aparıb.
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Hüseynova Mahnurə Heydərəli qızı Bakı İstintaq təcridxanasında saxlanılan zaman hamiləliyi ilə əlaqədar olaraq doğum evinə göndərilib: "Doğum evində o, qeysəriyyə əməliyyatı edilib və qız övladı dünyaya gəlib. Həmin uşaq yarımçıq doğulduğundan xüsusi aparatda saxlanılıb, anaya və uşağa lazimi tibbi yardım göstərilib. Ancaq bir gün sonra uşaq ölüb. Ölüm faktı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədləşmə işləri aparılıb. M. Hüseynova müalicə kursu keçdikdən sonra təcridxanaya qaytarılıb". (apa) /
 
Qeyd edək ki, Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova uşaq dünyaya gətirib.
 
Bu barədə M.Hüseynova özü bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda çıxış edərək məlumat verib. (Qafqazinfo)
 
Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: “Mən türmədə uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi türmədə yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər”.
 
Hakim bildirib ki, bununla bağlı prokurorluğa müraciət edilməlidir. M.Hüseynova deyib ki, prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb.

Google+ WhatsApp ok.ru