Pensiyalara yenidən baxılmalıdır

Pensiyalara yenidən baxılmalıdır

"Exo" qəzetində "Azərbaycanda pensiya məbləğləri arasında kəskin fərq müşahidə olunur" sərlövhəli məqalə oxumaq olar. Yazıda ayrı-ayrı kateqoriyadan olan insanlara verilən pensiyaların məbləğləri arasında fərqlər ekspertlərlə müzakirəyə çıxarıb.
 
Ekspertlərə görə, Azərbaycanda pensiya sistemi heç də yaxşı durumda deyil. Ölkədə qeyri-formal əmək bazarının miqyası sürətlə genişlənir, bu isə neqativ nəticələrə səbəb olacaq.
 
Mütəxəssislər eyni zamanda vurğulayıb ki, Azərbaycanda pensiya sistemində kəskin fərqlər mövcuddur:
"Azərbaycanda keçmiş dövlət qulluqçularının pensiyaları kifayət qədər yüksəkdir. Məsələn, keçmiş deputatlar əmək haqlarının 80 faizi həcmində pensiya alırlar. Bu da təqribən 2000 manata yaxındır. Amma təhsil və səhiyyə sisteminin keçmiş əməkdaşlarının pensiyaları 200 manatdan çox deyil. Rəsmi göstəricilərə əsasən isə, ölkədə orta aylıq pensiya 202 manat təşkil edir. Lakin elə pensiyaçılar var ki, minimal pensiya alırlar".
 
Ekspertlər bildirib ki, fabrik və zavodlarda uzun illər sıravi əməkçi kimi çalışanlar çox az pensiya alır. Ona görə də bu sistemə yenidən baxılmalıdır.
 
Ekspertlər vurğulayıblar ki, ölkə əhalisinin cəmi 1.5 milyon nəfəri əmək müqaviləsi ilə işləyir. Onlardan da 960 min nəfər dövlət sektorunda çalışanlardır. Üstəlik, bəzi yerlərdə "ikili mühasibat" da var:
"Qalan vətəndaşlar qeyri-formal əmək bazarında çalışırlar. Ona görə də Dövlət Sosial Müdafiə Fondu qanunvericiliyə dəyişikliklərlə bağlı səmərəsiz islahatlar əvəzinə qeyri-formal əmək bazarını ləğv etməyə çalışmalıdır".
 
Yazıda bildirilir ki, 2017-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq pensiya 202.2 manata bərabərdir. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 6.6 faiz çoxdur.
 
Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, bu il iyul ayının 1-nə Azərbaycanda 1 milyon 328.4 min nəfər pensiyaçı qeydə alınıb. Bu, bütün əhalinin 13.7 faizi deməkdir. /

Google+ WhatsApp ok.ru