Pensiyaya çıxmaq çətinləşir

Pensiyaya çıxmaq çətinləşir

“Bizimyol.info”da “Azərbaycanda əhalinin pensiyaya çıxması çətinləşəcək-açıqlama” sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif pensiyaların artması, əhalinin pensiyaya çıxması şərtləri barədə iqtisadçı Vüqar Bayramlı ilə söhbətləşir.
 
Müəllif deyir ki, pensiyalar oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb və bu artım 660 min nəfər pensiyaçını əhatə edib.
 
İqtisadçı isə “bizimyol.info”ya deyib ki, minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb.“Belə ki, hazırda güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı o1malıdır. Əgər vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə o zaman pensiya hüququ əldə edə bilmir.
 
V.Bayramlı deyir ki, gələcəkdə minimum pensiyanın artacağı halda minimum pensiya kapitalı da artacaq: “Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş stajı olmazsa yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər.
 
İqtisadçıya görə, minimum pensiya kapitalının artması müsbət haldır, amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı azala bilər: “Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan, sadəcə, yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyatın,  eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq büdcənin töhfəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan bu mexanizminin dəyişdirilməsinə ehtiyac var. Buna görə də təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda yaxın gələcəkdə pensiyaya çıxmaqda çətinliklərin olması qaçılmazdır”.
 

Google+ WhatsApp ok.ru