`Pew` Araşdırmalar Mərkəzi: Azərbaycan dini qadağaların `ən yüksək` olduğu ölkələrdəndir

`Pew` Araşdırmalar Mərkəzi: Azərbaycan dini qadağaların `ən yüksək` olduğu ölkələrdəndir

2015-ci ildə dünyada dinə məhdudiyyətlər artıb. AzadliqRadiosunun məlumatına görə, bu barədə "Pew" Araşdırmalar Mərkəzi hesabat yayıb. Mərkəzin dinə qlobal qadağalarla bağlı illik hesabatında bildirilir ki, bu sahədə hökumət məhdudiyyətləri və sosial ədavət 2015-ci ildə son 3 ilin ən yüksək səviyyəsinə çatıb.
 
Mərkəz ona görə 2015-ci ili seçib ki, ən son məlumatlar məhz həmin illə bağlıdır. 198 ölkə və ərazidə hökumətin dini məhdudiyyətləri öyrənilib.
 
Hökumətin Məhdudiyyətləri İndeksi (GRI) hökumətin dini inanc və təcrübələri məhdudlaşdıran qanunlarını, siyasətini və tədbirlərini dəyərləndirir. GRI-yə 20 növ məhdudlaşdırıcı tədbir– hökumətin konkret inancları, din dəyişməyi yasaqlama cəhdləri, eləcə də dini təbliği məhdudlaşdırması, bu və ya digər dini qrupa üstünlük verməsi daxildir.
 
Sosial Ədavət İndeksi (SHI) isə ayrı-ayrı fərdlərin, təşkilat və qrupların dini düşmənçilik hərəkətlərini ölçür. Buraya dinə bağlı siyasi münaqişə və terrorçuluq, qaragüruh və məzhəb zorakılığı, dini geyimə görə qısnama, yaxud dinə bağlı digər qorxutma və sui-istifadə halları daxildir. Bu indeksə sosial düşmənçiliyin 13 tədbiri salınıb.
 
Azərbaycan Hökumətin Məhdudiyyətləri İndeksinə görə, "ən yüksək" kateqoriyaya, yəni qadağaların ən çox olduğu ölkələr sırasına yerləşdirilib. Burada İran, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan və Qazaxıstan da yer alıb.
 
Cənubi Qafqazdan Gürcüstan və Ermənistan qadağaların "orta" dəyərləndirildiyi ölkələr sırasındadır.
 
Sosial Düşmənçilik İndeksinə görə, Azərbaycan "orta", Ermənistan və Gürcüstan "yüksək", Rusiya "çox yüksək" sıralamadadır.
 
Qeyd edək ki, bu hesabatda deyilənlərə hakimiyyətdən, hələlik, münasibət açıqlanmayıb. Amma hökumət təmsilçiləri, ənənəvi olaraq, ölkədə heç bir dini yasağın qoyulmadığını, bütün dini azadlıqların tam təmin olunduğunu bildirirlər. (azadliq.org) 

Google+ WhatsApp ok.ru