PEYĞƏMBƏRİN (S) İKİ QİYMƏTLİ ƏMANƏTİ

PEYĞƏMBƏRİN (S) İKİ QİYMƏTLİ ƏMANƏTİ

-- QURAN VƏ ƏHLİ-BEYT (Ə)

Şübhəsiz ki, şübhələr burulğanında başını itirmiş insan həqiqəti tapmaqda və ona əməl etməkdə çətinlik çəkir. Belə insanlar təsadüfən, nadir hallarda doğru yola çıxa bilirlər. Peyğəmbər və ilahi kitabın göndərilməsində əsas məqsəd insana yardım əli uzadıb, onu burulğandan çıxarmaqdır. Allah-Taala doğru yolu tapanları seçilmiş ümmət adlandıraraq buyurur:

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ

“Sonra ilahi kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük fəzilətdir.” (“Fatir” surəsi, ayə 32.)

Başqa bir ayədə buyurulur:

وَعَلَى اللّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَآئِرٌ وَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ

“Doğru yolu göstərmək Allaha aiddir. Haqdan əyilmiş yol da var. Allah istəsəydi, hamınızı doğru yola yönəldə bilərdi.” (“Nəhl” surəsi, ayə 9.)

Digər bir ayədə oxuyuruq:

وَعَلامَاتٍ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ

“O, əlamətlər müəyyən etdi. İnsanlar ulduzlar vasitəsi ilə yolu taparlar.” (“Nəhl” surəsi, ayə 16.)

Bəli, insanlar qaranlıq gecələrdə ulduzlardan istifadə edərək yol gedə bilirlər. Əlbəttə ki, qaranlıq gecədə insana yol göstərən Allah mənəvi məsələlərdə də onu zülmətdən nura hidayət edir. Kimsəsiz yollarda təhlükə olduğu kimi mənəviyyat yollarında da maneələr mövcuddur. Mənəvi bir məsələdə azmaq meşədə azmaqdan daha təhlükəli ola bilər. Hətta ulduzları dünya əhlinə yardımçı edən Allah Öz bəndələrini mənəvi aləmdə yardımsız buraxarmı?! Əlbəttə ki, belə bir hal mümkünsüzdür. Allah onun göndərdiyi kitabın qədrini bilənləri doğru yola yönəldir. Amma ilahi göstərişlərə məhəl qoymayıb naşükürlük edənlər öz diqqətsizliklərinin acı nəticəsi olaraq, azğınlığa düçar olasıdırlar. Allah-Taala və məsum rəhbərlər (ə) həqiqi maarifi bəyan etməklə doğru yolu əyri yoldan seçməkdə insana əl tutmuşlar.

Şübhəsiz ki, Quran və Əhli-beyt bəşəriyyətin hidayəti və haqqa çatması üçün Allah-Taalanın açdığı bir qapıdır. Bu iki mənbədə hidayətdən əlavə, insanın ömür boyu ehtiyac duyduğu həqiqətlər bəyan olunmuşdur. Bu misilsiz nemətlər qarşısında bizim süstlüyümüz də misilsizdir. Əgər soruşulsa ki, öz həyatınızda Quran və Əhli-beytdən nə qədər faydalanmısınız, cavab verə bilmərik. Təəssüf ki, möhtaclığımız son həddə çatsa da, Quran və Əhli-beyti dərdlərimizin çarəsi hesab etmirik. Bəs Qurana müraciət etmədiyi üçün bədbəxt olmuş insan kimi qınamalıdır? Allah həqiqəti batildən ayırmış, doğru yolda nişanələr qoymuş, yetərincə xəbərdarlıq etmişdir. Əgər Allahın göndərdiyi peyğəmbərlərə, tərbiyəçilərə biganə qalmışıqsa, kimdir günahkar? Bəli, insan yalnız özünü məzəmmət etməlidir. Quran və Quranın açıqlamasında Əhli-beytin (ə) buyruqları yeganə çıxış yolu olduğu halda nədən bir belə biganəyik? Bir halda ki, həzrət Peyğəmbər (s) ömrünün son çağlarında ümmətinə vəsiyyət edərək buyurmuşdur:

يا أيُّهَا النّاسُ، إنّي قَد تَرَكتُ فيكُم ما إن أخَذتُم بِهِ لَن تَضِلّوا: كِتابَ اللّه‏ِ وعترَتي أهلَ بَيتي.

“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!” (“Sünəni-Termizi”, 5-ci cild, səh.662, hədis 3786.)

Başqa bir hədisdə isə belə buyurur:

إنّي قَد تَرَكُت فيكُمُ الثَّقَلَينِ أحَدُهُما أكبَرُ مِنَ الآخَرِ: كِتابَ اللّه‏ِ تَعالى وعِترَتي، فَانظُروا كَيفَ تَخلُفوني فيهِما، فَإِنَّهُما لَن يَتَفَرَّقا حَتّى يَرِدا عَلَيَّ الحَوضَ.

Mən sizin aranızda iki ağır və qiymətli şeyi yadigar qoyuram ki, biri digərindən böyükdür: Allah-taalanın kitabı və Əhli-beytimi. Belə isə baxın, görün, məndən sonra onların haqqını necə qoruyacaqsınız! Onlar “Kövsər” hovuzunda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmaz.”

Bəli, Quran və Əhli-beyt (ə) insanın ilk bələdçiləridir. Bu nemətlərdən istifadə edənlər heç vaxt şəkk-şübhəyə düçar olub, sonradan təəssüf etmirlər. Bu iki bələdçidən üz döndərən insan başqa yerdə əsla işıq tapa bilməz!

(Maide.Az)

Google+ WhatsApp ok.ru