PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) KƏLAMINDA MÜLAYIM RƏFTAR-3

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) KƏLAMINDA MÜLAYIM RƏFTAR-3

İKİNCİ SƏCİYYƏ: MÜLAYİM RƏFTAR

İnsanda nəfs və ruhun paklaşdırılması, gözəl əxlaqi keyfiyyətlərin çiçəkləndirilməsi ilahi peyğəmbərlərin əsas hədəflərindən biridir. İslam Peyğəmbəri (s) öz “besət”inin əsas hədəfini insani kamalların və əxlaqi gözəlliklərin təkmilləşdirilməsi kimi təqdim edərək buyurmuşdur: “Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaqdan ötrü göndərilmişəm.” (“Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282.)

O həzrət bütün insanlara xitabən buyurmuşdur: “Sizə gözəl əxlaqı tövsiyə edirəm, çünki sübhan Allah məni həmin məqsədlə göndərmişdir.” (“Biharul-ənvar”, 69-cu cild, səh.375.)

Həmçinin hədislərin birində belə buyurmuşdur: “Biz peyğəmbərlər vacibləri yerinə yetirməyə məmur olunduğumuz kimi, insanlarla yaxşı rəftar etməyə də məmur olunmuşuq.” (“Səfinətül-bihar”, 3-cü cild, səh.30.)

“Yaxşı rəftar”ın “vacib əməllər”lə yanaşı qeyd edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki peyğəmbərlər, imamlar, alimlər, tərbiyəçilər, müəllimlər, bir sözlə, təlim-tərbiyə sahəsində fəaliyyət göstərənlər yaxşı rəftarsız vəzifələrini layiqincə yerinə yetirə bilməzlər.

Peyğəmbəri-Əkrəm (s) başqa bir hədisdə buyurmuşdur: “Qiyamətdə insanların əməl tərəzisinə gözəl əxlaqdan fəzilətli olacaq bir şey qoyulmayacaqdır.” (“Kafi”, 2-ci cild, səh.99.)

Bu müasir dövrümüzdə bəziləri sadə bir sözə, yaxud kiçik bir hadisəyə görə tez narahat olur, dərhal əsəbiləşir, necə deyərlər, özlərindən çıxır və başqaları ilə təmkinlə davrana bilmirlər. İslam göstəriş verir ki, ağıllı müsəlman camaatla gözəl davranmalıdır. Rəftarın yaxşısı ağılın üstünlüyünə dəlalət edir. Elə bu məqsədlə Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanların ən ağıllısı camaatla ən yaxşı rəftar edənidir.” (“Təfsiri-nümunə”dən nəqlən, 7-ci cild, səh.64.)

O həzrət daha başqa bir hədisdə buyurmuşdur: “Camaatla gözəl rəftar imanın yarısıdır.” (“Səfinətül-bihar”, 3-cü cild, səh.31.)

İman yalnız namaz, oruc, həcc, zəkat və bu kimi əməllərlə yekunlaşmır və xoşəxlaqlı olmaq və camaatla mehriban davranmaq da ondan ayrı deyil.

Təəssüflər olsun ki, bəzən vacib əməllərini vaxtlı-vaxtında yerinə yetirənlərin arasında hövsələsizlərə, camaatla birgə keçinə bilməyənlərə, kiçik bir hadisə ilə tez narahat olub əsəbiləşən, özlərindən çıxanlara rast gəlinir. Bilməliyik ki, əksər qalmaqallar və çəkişmələr xoşəxlaqlılıq və mehriban rəftarın tərki nəticəsində baş verir. Hədislərin birində belə deyilir: “(Bəzən) müharibələrin mənşəyi bir şillədir.” (“Biharul-ənvar”, 93-cü cild, səh.291.)

Bəzən, əsəbi halda biri başqasına bir şillə vurduqda, qarşı tərəf özündən çıxaraq ikisini qaytarır və beləcə, ixtilaf yaranır, qısa müddət ərzində iki tayfa arasında münaqişə baş qaldırır. Halbuki elə əvvəldən azacıq mülayimliklə, qəzəbi udmaqla və məsələnin üstündən alicənablıqla keçməklə dava-dalaşdan uzaq qalmaq olardı!

Bəli, camaatla hövsələ və təmkinlə davranmaq, məxsusən nadanlarla mülayim rəftar etmək, bihudə sözlərə əhəmiyyət verməmək, əfv və güzəşt sahibi olmaq rəhman Allahın həqiqi bəndələrinin xüsusi səciyyələrindən biridir.

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru