Peyğəmbərlərdən sonra ən yüksək mərtəbə

Peyğəmbərlərdən sonra ən yüksək mərtəbə

-- Şəhidlik, ölümlərun ən yaxşısıdır..

“Şəhid” sözü xəbər verən, bildiyini söyləyən, hazır olan və hadisəyə şahidlik edən anlamını verir.
 
Şəhidlik, qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir xüsusiyyətdir ki, mahiyyətində təsadüf adlanan heç nə yoxdur. Yaşadığımız ömrün müxtəlif məqamlarında bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən və bir anın içində əridib yox edə bilən hadisələrlə rastlaşırıq. Bu həyat yolumuzun, ömrümüzün mahiyyətini təşkil edir. Sözsüz ki, bu olaylar içində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, qəhrəmanlıqlarımız olur.
 
Tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmiş, belə ölümlərə can atmışıq. Ölümün gözlərinə dik baxa bildiyimiz üçün bu vətən, bu torpaq, nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib. İnana-inana, xəyanət, satqınlıq görmüşük. Bu qədər fəlakətin qarşısında nə inamımızdan, nə amalımızdan, nə də vətənimimizdən əl çəkməmişik. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub bizi vətən üçün ölümə aparsa belə Onun uğrunda bu yoldan dönməmişik. İllərin, əsrlərin, dolaylı yollarında yol gələ-gələ şəhidlər vermişik. Bu xalqın igid oğulları onu çiyni üzərində qərinələrdən-qərinələrə, əsrlərdən-əsrlərə aparıb. Buna görədir ki, min illər boyu qəm dəyirmanlarını gur işlədən düşmənlərin arzuları ürəklərində qalıb.
 
Şəhidlərin məqamları haqda çox danışılmış, çox kitablar yazılmışdır. Hər bir millət öz şəhidlərinə xüsusi ehtiram göstərir. Ancaq Allahın Şəhidlərə göstərdiyi ehtiram əvəzsizdir. Dini ədəbiyyatlardan oxuyuruq ki, Allah şəhidlərin məqamını necə uca tutmuş və onların behiştdə xüsusi yerləri vardır. Tanrı dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlərdən sonra ən yüksək zirvədir. Şəhidlərin Allah qatındakı məqamı ilə bağlı Qurani-Kərimdə deyilir: “Allah yolunda öldürülənlərə (Şəhid olanlara) ölü deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər. Lakin siz bunu dərk etmirsiniz.” (Bəqərə, 154). Peyğəmbərimiz isə şəhidlik haqqında buyurub ki, cənnətə girən şəxs yer üzünün bütün nemətləri ona verildiyi halda belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər.  Şəhidlik həm də günahların bağışlanmasına vəsilə olan fəzilətli bir ölümdür.
 
Hədislərə  əsasən şəhidlik zirvəsi övliyaların və Allah dostlarının arzuladığı bir məqamdır.
 
Şəhidlik məqamı haqqında Həzrət Əlinin (ə) bu sözləri əvəzsizdir. “Ey camaat! Duran ya qaçan fərqi yoxdur, ölüm onlarln hamısını tutacaq. Ölümdən qaçmaq mümkün deyil. Şəhidlik, ölümlərun ən yaxşısıdır. Canım əlində olduğu Allaha and olsun ki, min zərbə qılınc mənim üçün yataqda ölməkdən daha yaxşıdır.”
 
Bu məqam və zirvədən danışdıqca danışılar, yazdıqca yazılar. Sözlər, cümlələr kifayət etməz onu ifadə etməyə. Lakin, bircə onu deyə bilərəm ki, əsrlərlə daha çox şəhid verən bir xalq olaraq, canlarını qurban vermiş vətən övladları üçün nə qədər çox heyfslənib kədərlənsək də, bununla paralel şəhidlərimizlə fəxr etməliyik. Uca Allah onları bu məqam və zirvəni fəth etməyə layiq görüb. Sevindirici bir haldır ki, millətimiz, xalqımız, igid oğullarımız Allah nəzərində fərqli bir bucağa sahibdirlər.
 
(Nübar Həsəni /Mübarizim.com)
 

Google+ WhatsApp ok.ru