PEYĞƏMBƏRİ-ƏKRƏMİ (S) QOCALDAN AYƏ

PEYĞƏMBƏRİ-ƏKRƏMİ (S) QOCALDAN AYƏ

-- bu ayədə həm Peyğəmbərin (s) özü, həm də...

Qurani-Kərimin bir neçə ayəsində Allah-Taala Öz Peyğəmbərini (s) “istiqamət”ə – möhkəmliyə, dözümlüyə və düzlüyə çağırır ki, həmin ayələrdən biri də “Hud” surəsinin 112-ci ayəsidir:

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلاَ تَطْغَوْاْ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

“(Ey Peyğəmbər,) sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğru gələnlər də (möhkəm olsunlar.) Həddi aşmayın ki, O, etdiyiniz işləri görəndir.”

Rəvayətdə Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql edilir:

شَيَّبَتْني سورةُ هود لمكانِ هذه الآية: فَاستقمْ كما اُمرتَ و مَن تابَ معكَ؛

“Hud” surəsinin bu ayəsi məni qocaltdı.” (“Təfsiri-nümunə”, 2-ci cild, səh.385.)

Bu ayənin ilk cümləsi eynilə başqa bir surədə – “Şura” surəsinin 15-ci ayəsində bəyan olunsa da, sözügedən ayənin davamı onu uyğun xüsusiyyətlə tanıtmışdır. Çünki bu ayədə həm Peyğəmbərin (s) özü, həm də ətrafındakılar səbat və möhkəmliyə dəvət olunur. Görünür ki, Peyğəmbəri-Əkrəmin (s) ətrafındakılardan ona vəfasız və səbirsiz olanlar da var imiş. Həzrət onların vəfasızlığı və səbirsizliyindən əziyyət çəkirmiş.

Mərhum imam Xomeyni öz söhbətlərində təkrar-təkrar bu hədisi xatırladaraq buyurarmış ki, insanı qocaldıb qəddini əyən həmin bu “istiqamət”dir – əqidədə, sözdə və əməldə doğruluq, möhkəmlikdir. (“Sireyi-imam Xomeyni”, 5-ci cild, səh.187-188.)

Qeyd edək ki, Allah-Taala “Fussilət” surəsinin 30-cu ayəsində əqidəsi, sözü və əməlində möhkəm insanları belə müjdələyir:

إِنَّ الَّذِينَ قالُوا رَبُّنَا اللّهُ ثُمَّ اسْتَقامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلائِكَةُ أَلاّ تَخافُوا وَ لا تَحْزَنُوا وَ أَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ؛

“Şübhəsiz ki, “Rəbbimiz Allahdır” deyən, sonra da möhkəm olan kəslərə mələklər nazil olub belə deyərlər: “Qorxmayın kədərlənməyin, vəd olunmuş cənnətə sevinin.”

Demək, Allaha iman, həqiqi dinin və Əhli-beyt məktəbinin qəbulu kifayət deyildir. Bu yolda möhkəmlik göstərmək və düz olmaq lazımdır.

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru