Peyğəmbərin karikatura müsabiqəsinə etiraz edirlər

Peyğəmbərin karikatura müsabiqəsinə etiraz edirlər

Pakistanın Lahor şəhərində 10 minədək adam etiraza çıxıb, Niderland siyasətçisinin Məhəmməd peyğəmbərin karikaturalarının müsabiqəsini keçirmək planlarına qarşı çıxıblar. Yaxın günlərdə etirazların miqyasının böyüyəcəyi gözlənir.
 
Maide.Az bildirir ki, Avqustun 29-da keçirilən etirazları Tehreek-i-Labaik islamçı partiyası təşkil edib. Bu partiya ötən ay parlament seçkisində gözlənilmədən xeyli səs toplayıb.
 
Pakistanın yeni seçilmiş hökuməti də Niderlandda karikatura müsabiqəsini pisləyib, onu İslam dinini ləkələmək cəhdi adlandırıb.
 
Labaik partiyasının lideri Khadim Hussain Rizvi bunu yetərli saymır, Niderlandla diplomatik münasibətləri kəsməyə çağırır.
 
O, Lahorda başlanan etirazları paytaxt İslamabadda davam etdirəcəklərini, oturaq aksiya keçirərək baş nazir Imran Khan-a Niderlandla diplomatik münasibətləri kəsmək üçün təzyiq göstərəcəklərini deyib.
 
“Niderland səfiri dərhal deportasiya olunmalıdır. Ancaq hökumət tələbimizə əməl edəndə dayanacağıq”, – Labaikin sözçüsü Ejaz Ashrafi “Reuters” agentliyinə deyib.
 
Pakistan artıq Niderland hökumətinə şikayətini çatdırıb. Karikatura yarışmasını ifrat sağçı deputat Geert Wilders planlaşdırır. O, İslam dini barədə qızışdırıcı bəyanatları ilə tanınıb. Bu tədbirin təkcə Pakistanda deyil, bütün dünyada müsəlmanları qəzəbləndirərək etirazlara səbəb olacağı  ehtimal olunur. (azadliq.org)

Google+ WhatsApp ok.ru