Peyğəmbər (s) məktəbində ruhi tərbiyə və düşüncə təlimi

Peyğəmbər (s) məktəbində ruhi tərbiyə və düşüncə təlimi

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 164-cü ayəsində xalq arasından Peyğəmbərin (s) seçilməsinin hikmət və fəlsəfəsinə toxunaraq buyurur:

لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ

Həqiqətən, Allah möminlərə minnət qoyaraq onların öz aralarından bir peyğəmbər seçdi ki, ayələrini onlara oxusun, onları paklaşdırsın, onlara kitab hikmət öyrətsin. Halbuki bundan qabaq aşkar azğınlıqda idilər.”

Ayədə qeyd olunan “mənn” sözü əşyanın çəkisini təyin etmək üçün işlədilən daş mənasını bildirir. Hər bir ağır və dəyərli nemətin əta olunması “minnət” adlanır. Amma dəyərsiz nemətləri dəyərli, ağır göstərmək bəyənilməmiş bir işdir. Ona görə də böyük nemətləri bağışlamaq yaxşı, kiçik neməti böyük göstərmək isə bəyənilməmiş işdir. (“Təfsiri-nümunə”, uyğun ayənin təfsiri.)

Xalqın arasından peyğəmbər seçilməsinin bir çox bərəkətləri var:

a) Xalq onun keçmişini tanıyaraq ona etimad göstərir;

b) Onlar ilahi göstərişlərin icrasında xalqa nümunə olur;

v) Onlar xalqın dərdlərinə şərikdir və bu dərdlərdən xəbərdardırlar;

q) Xalqın yanındadırlar və xalq istədiyi vaxt onlara müraciət edə bilir.

İmam Əlinin (ə) “Nəhcül-bəlağə”dəki buyruqlarından məlum olur ki, cahiliyyət dövründə xalqın nə sağlam mədəniyyəti, nə də fiziki sağlamlığı vardı.

O həzrətin qardaşı Cəfər Təyyar Həbəşistana hicrət zamanı cahiliyyət dövrünü Nəcaşi üçün belə təsvir edir: “Biz bütpərəst idik. Həmin dövrdə ölü heyvan əti yeyir, fitnə-fəsad içində yaşayırdıq. Qohumlarımızdan uzaqlaşmışdıq. Qonşularımızla pis rəftar edirdik. Bizim varlılarımız zəiflərin haqlarını ayaq altına alırdılar. Nəhayət, Allah Öz peyğəmbərini məbus etdi...” (“Kamilut-tarix”, c.2, səh.80.)

Bildirişlər

1. Peyğəmbərlərin besəti (Allah tərəfindən peyğəmbərliyə seçilməsi) ən böyük səmavi hədiyyə və ilahi nemətdir;

2. Besət bütün xalq üçün olsa da, yalnız möminlər bu nemətə görə şükür edir və hidayət nurundan bəhrələnirlər;

3. Peyğəmbərlər camaatın özlərindən olmuşlar.

4. Peyğəmbərlər xalqa yaxın olmuşlar;

5. Quran ayələrinin tilavəti paklanma və təlim vasitəsidir;

6. İnsanların ruhu və nəfsinin paklanması elmdən irəlidir;

7. Paklanma və təlim peyğəmbər proqramlarında ön yerdə dayanır;

8 İnkişaf və özünütərbiyə peyğəmbər məktəbi və ilahi ayələr sayəsində həyata keçməlidir. (Qaynağı ilahi ayələr, müəllifi peyğəmbərlər olmayan riyazət, rahiblik və asket həyat tərzi özü bir azğınlıqdır.)

9. Peyğəmbərlərin besət nemətini yaxşı dərk etmək üçün onlardan əvvəlki xalqların tarixinə müraciət etmək lazımdır;

10. Günahkar və azğın mühitlərdə də qurucu işlər görmək mümkündür;

11. Peyğəmbər məktəbində ruhi tərbiyə və düşüncə təlimi insanın baxış və bəsirəti ilə yanaşıdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Ali-İmran” surəsi, 164-cü ayənin təfsiri; “Nurul-Quran”, Ayətullah İmani, uyğun ayənin təfsiri.)

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru