PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) MERACINDAKI “SƏMA” ANLAMI (3)

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) MERACINDAKI “SƏMA” ANLAMI (3)

Sual: Merac məsələsində səma (göy) dedikdə, nə nəzərdə tutulur?
 
Cavab: Yaradılış aləmində yerlə göy sirr olaraq qalmaqdadır və bəşər övladı hələ də onları kəşf edə bilməmişdir. Təfsirçilər səma ilə bağlı ayələri geniş şəkildə təfsir etmişlər ki, biz burada onun bir qisminə toxunacaq və Peyğəmbəri-Əkrəmin (s) merac gecəsi seyr etdiyi səmanın nədən ibarət olduğunu araşdıracağıq.
Meracla əlaqədar bir şübhə kimi irəli sürülən bu sualı cavablandırmaq üçün, öncə səmanın, onun yeddi qatdan ibarət olduğunu və Peyğəmbəri-Əkrəmin seyr etdiyi səmaların mənasını ayə və rəvayətlərə uyğun izah etməyi lazım bilirik:
 
1. “SƏMA” ANLAMI
“Yuxarı səmt” mənasını daşıyan “səma” lüğətdə “sumuvv” sözündən alınmışdır. Ərəbcə yuxarıda qərarlaşmış hər bir şeyə “səma” deyilir. (1) Hətta bəzi dilçilərə görə, bütünlükdə, yuxarı səmt aşağı səmtlə müqayisədə səma, aşağı səmt isə yuxarı səmtlə müqayisədə yer adlanır. (2)  
“İslam Maarifi Ensiklopediyası”nda səma insanların başları üstündə gördükləri dairəvi tavana təfsir edildikdən sonra İbn Mənzurdan belə nəql olunur: “Ərəbcə göy sözünə tavan kimi “yuxarı səmt” mənasını ifadə edən “səma” deyilir”. (3)
Əllamə Təbərsi “Məcməül-bəyan” kitabında yazır: “Məşhur nəzərə görə, insanın başı üstündə yerləşən və yaxud kölgə salan hər bir şeyə “səma” deyilir. Evin səması isə tavanıdır. Bulud və yağışa da səma deyirlər”. (4)
Yeni fizikada səma belə tərif edilir: “Planetlər və ulduzların göründüyü dairəvi tavana “səma” deyilir.” (5)
Qurani-Kərimdə səma sözü həm tək halda (səma), həm də cəm formada (səmavat) 310 dəfədən çox işlənsə də, (6)  hər yerdə eyni mənanı daşımır. Ümumiyyətlə, Qurani-Kərimdə səma iki maddi və mənəvi mənada işlənmişdir. Biz burada bununla bağlı bir neçə nümunəyə işarə etməklə kifayətlənirik:
 
1. Yuxarı səmt: Bu məna səmanın lüğəvi mənası ilə uyğundur və ayədə belə buyurulur:
 
كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاء 
“Xoş bir söz kökü yerdə möhkəm olub budaqları səmaya (yuxarıya) ucalan gözəl bir ağac kimidir”. (7)
 
Bəzi müasir təfsirçilər bu mənaya toxunsa da, bəziləri isə belə demişlər: “Qurani-Kərimdə səma sözü yuxarı səmt mənasında işlənmişdir. Ola bilsin, məcazi məna nəzərdə tutulmuşdur. Çünki yuxarı səmtə cəm forması qoşmaq və onu müxtəlif hissələrə bölmək mümkün deyildir. Halbuki Qurani-Kərimin bəzi ayələrində səma cəm formada – “səmavat” (səmalar, göylər) işlənmişdir. (8)  Demək, ayələrdə işlənən “səb`ə səmavat” (yeddi göy) yuxarı səmt mənasını vermir.
 
2. Buludların və havanın yerləşdiyi yer:
وَنَزَّلْنَا مِنَ السَّمَاء مَاء مُّبَارَكًا
“Biz göydən bərəkətli su endirdik”. (9)
 
3. Bürclərin, planet və ulduzların məkanı:
تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاء بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُّنِيرًا
“Səmadan bürclər yaradan, orada çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər uca və uludur!” (10)
 
4. Dünyanın işlərinin idarəsi ilə bağlı “qürb” və “hüzur” məqamı: Əllamə Təbatəbai kimi bəzi təfsirçilər “səma” sözünü bir neçə yerdə belə mənalandırmışlar. (11) Buna dəlalət edən ayələrdən biri də “Səcdə” surəsinin 5-ci ayəsidir:
يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاء إِلَى الْأَرْضِ
“O, göydən yerə qədər olan bütün işləri idarə edir”. (12)
 
5. Uca və həqiqi varlıq: Bəzi nəzər sahibləri belə yazırlar: “Səma Qurani-Kərimdə maddi göy (yeddi qat göy kimi) mənasında işləndiyi kimi, yüksək vücud və uca varlıq mənasında da işlənmişdir ki, maddənin fövqündə duran aləm, başqa sözlə, mənəvi səma nəzərdə tutulur və bütün varlıqlar, nemətlər həmin uca mərtəbədən endirilir. Qurani-Kərimdə buyurulur:
وَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ
“Göydə ruzi və vəd olunduğunuz şey vardır”. (13) 
 
Səmanın maddənin fövqündə duran mənəvi aləm mənasında olması güclü ehtimaldır. Ayələrin zahirindən anlaşılır ki, maddi aləmdə hər nə varsa, yuxarı aləmdən endirilir. “Hicr” surəsinin 21-ci ayəsində buyurulur:
وَإِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ
“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın. Lakin Biz ondan ancaq müəyyən qədər endiririk”.
Beləliklə, səma lüğətdə, yeni elmdə və Qurani-Kərimdə müxtəlif mənalarda işlənmişdir.
 
2. “YEDDİ GÖY” ANLAMI
Qurani-Kərimdə “yeddi göy” ibarəsi səkkiz dəfə işlənmişdir. Diqqət yetirdikdə, yeddi qat göyün soğan qatları kimi bir-birinin ortasında yerləşdiyi anlaşılır. Məsələn, “Mülk” surəsinin 3-cü ayəsində buyurulur:
الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا مَّا تَرَى فِي خَلْقِ الرَّحْمَنِ مِن تَفَاوُتٍ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَى مِن فُطُورٍ
“Yeddi göyü bir-birinin üstündə qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?!”
Bu haqda “Nuh” surəsinin 15-ci, “Bəqərə” surəsinin 29-cu və “İsra” surəsinin 44-cü ayələrində də söz açılır.
 
Təfsir alimlərinin çoxu bəzi ayələrdə qeyd olunan “tibaqən” sözünü bir-birinin üstündə yerləşən təbəqələr kimi mənalandırmışlar. (14)  Ayələrə əsasən, bütün bu təbəqələr yalnız bir təbəqədən – qəliz qazdan yaranmışdır. “Fussilət” surəsinin 11-ci ayəsində buyurulur:
ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ
“Sonra Allah tüstü və buxar halında olan göyə üz tutdu”. (15)  Yəni mütəal Allah ilk qazdan planetləri yaratdı.
Göy və yerin xilqətindən qabaq qəliz buxar (tüstü) və qaz halında olduğu, tədriclə yeddi qat göyə çevrildiyindən, ümumiyyətlə, göyün yeddi qatdan ibarət olması haqda iki ehtimal vardır:
a) Ola bilsin, yeddi göy dedikdə, yerin atmosfer qatları nəzərdə tutulsun. Bəzi ayələrdən göyün bir-birinin üstündə yerləşən yeddi qatdan ibarət olması başa düşülür. “Təlaq” surəsinin 12-ci ayəsində buyurulur:
اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ
“Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır”.
Bioloqlar fəaliyyət prosesi baxımından yerin atmosfer təbəqələrinin yeddidən ibarət olduğunu bildirmişlər: 1. Troposfer; 2. Stratosfer; 3. Ozonosfer; 4. Mezosfer; 5. İonosfer; 6. Termosfer; 7. Eksosfer. (16)
 
b) Bəzi alimlərin qeydlərinə əsasən, “Peyğəmbəri-Əkrəmin (s) merac gecəsi seyr etdiyi yeddi göy dedikdə, yerin atmosfer qatları yox, bizim agah olmadığımız yeddi göy nəzərdə tutulur. Onlar bu iddianın sübutu üçün belə deyirlər: “Əgər “yeddi göy” ibarəsində yeddi rəqəmini say ədədlərindən götürsək, onun mənası yeddi göy qatından ibarət olacaqdır. “Saffat” surəsinin 6-cı – “Biz aşağı səmanı (göyün birinci qatını) ulduzlarla zinətləndirdik!” – və “Fussilət” surəsinin 12-ci – “Biz aşağı səmanı ulduzların çıraqları ilə zinətləndirdik!” – ayələrinə diqqət yetirdikdə, aydın olur ki, bizim gördüyümüz bütün göy cisimləri, sabit və hərəkətdə olan ulduzlar hamısı birlikdə birinci göy qatını təşkil edir. Qalan altı qat isə bizim gözlərimizdən, müasir elmi cihazların görə biləcəyindən çox-çox uzaqdır. (17)
 
Uyğun ayələrdən məlum olur ki, bizim müşahidə etdiklərimizin hamısı və ulduzlar aləmini təşkil edənlər birinci göy qatının tərkib hissələridir və bundan əlavə altı göy qatı da mövcuddur ki, hal-hazırda onların barəsində dəqiq məlumatımız yoxdur (18) və yalnız gələcəkdə elmin inkişafı ilə onların da kəşf olunacağına ehtimal vardır.
Qeyd etməliyik ki, bəşərin naqis elmləri nə qədər irəliləyərsə, kainatın sirləri ilə bir o qədər də yaxından tanış olur, yaradılışa dair yeni-yeni sirlərlə rastlaşırıq. Artıq astronomiya öz inkişafı istiqamətində elə bir həddə çatmışdır ki, teleskoplar artıq öz funksiyasını itirmiş, əvəzində isə həmin məqsəd kosmik gəmilərdə yerləşdirilmiş məxsus radarlar və dəqiq aparatlarla yerinə yetirilir. Böyük rəsədxanaların kəşf etdikləri ulduzların yerdən fasiləsi milyardlar kilometr işıq ili qədərdir. Onlar özləri etiraf edirlər ki, hələ bu, dünyanın axırı yox, əvvəlidir. Ola bilsin, gələcəkdə elmin, xüsusilə, astronomiya və kosmik elmlərin inkişafı ilə sair qalaktika və səmalar da kəşf edilsin.
 
Bunlara diqqət yetirdikdə, uyğun suala belə cavab vermək olar:
1. Peyğəmbəri-Əkrəmin (s) merac gecəsi seyr etdiyi göy qatlarında məqsəd, şübhəsiz, yerin atmosfer qatları nəzərdə tutulmur. Biz o həzrətin səfərinin yerin atmosfer qatlarına merac etdiyini dediyimiz təqdirdə, uyğun irad irəli sürülə bilər. Çünki Peyğəmbəri-Əkrəmin (s) meracında ayrı göy qatlarından söz açılır və meraca dair söhbətlərdə yerin atmosfer qatları yox, başqa göy qatlarının varlığı göstərilir. Bəzi təfsir alimləri də bu qənaətə gəlmişlər ki, gördüyümüz göyün fövqündə digər altı göy qatı da mövcuddur. (19)
 
2. Peyğəmbəri-Əkrəmin (s) göylərdə, o cümlədən, göyün yeddinci qatına qalxması yaradılış aləminin sirləri və Allahın möcüzələrindəndir. Biz bu dünyada Qurani-Kərimdə bəyan olunan yeddi göydən yalnız birini görür və digər qalaktika və kürələrdən, orada yaşayan varlıqlardan xəbərsizik. Bəşərin bu məsələ ilə bağlı məlumatsızlığı digər göy qatlarının mövcud olmaması demək deyildir. (20)
 
3. Müasir insan bütün elmi inkişafı ilə belə, günəşdə mövcud qalaktikaların yalnız onların kəşflərindən ibarət olduğunu iddia edə bilməz. Belə isə, bu dünyada gördüyümüz göy qatından başqa göy qatlarını necə inkar edə bilər?!
 
NƏTİCƏ
Qeyd edilənlərdən belə qənaətə gəlirik ki, meracla bağlı “səma” (göy) dedikdə, yerin atmosfer qatları, başqa sözlə, yer kürəsi ilə günəş arasındakı sonsuz fəza yox, digər göy qatları nəzərdə tutulur ki, bizim yalnız birinci göy qatı haqqında məlumatımız vardır. Bəşər qalan altı göy qatı barədə öz acizliyini etiraf edir. Bu müddəaya ən tutarlı sübut astronomiya sahəsində yeni kəşflərdir. Bəşər maddi gözlə görə bilmədiyi hər bir şeyi dana bilməz. Çünki bəşər elmi məhduddur və naqis elmi ilə qəti şəkildə onu inkar edə bilməz.
 
[1]. “Ət-təhqiqu fi kəlimatil-Quranil-Kərim”, Həsən Müstəfəvi, 5-ci cild, səh.219.

[2]. “Əl-müfrədat”, Hüseyn Rağib İsfahani, səh.427, “səma” sözü.

[3]. “İslam Maarifi Ensiklopediyası”, Əhməd Təfəzzüli, “asiman” sözü.

[4]. “Məcməül-bəyan”, Fəzl ibn Həsən Təbərsi, səh.148.

[5]. Bax: “Bəyyinat” jurnalı, 2-ci il, 8-ci say, 1374-cü h.ş. ilinin qışı, səh.76-77.

[6]. “Qamusi-Quran”, Seyid Əliəkbər Qürəşi, səh.332.

[7]. “İbrahim” surəsi, ayə 24.

[8]. “Məarifi-Quran”, Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi, 1-3-cü cildlər, səh.234.

[9]. “Qaf” surəsi, ayə 9.

[10]. “Furqan” surəsi, ayə 61.

[11]. Bax: “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 16 və 19-cu cildlər, səh.247 və 327.

[12]. “Məarifi-Quran”, Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi, səh.234-236.

[13]. “Zariyat” surəsi, ayə 22.

[14]. Bax: “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 10-cu cild, səh.150.

[15]. “Məcməül-bəyan”, Təbərsi, 9-cu cild, səh.8.

[16]. “Təfsiri əhsənül-hədis”, Seyid Əliəkbər Qürəşi, 1-ci cild, səh.83; “Kövsər”, Yəqub Cəfəri, 1-ci cild, səh.116.

[17]. “Təfsiri-nümunə”, 14-cü cild, səh.261.

[18]. “Təfsiri-nümunə”, 1-ci cild, səh.167-168.

[19]. “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 17-ci cild, səh.370.

[20]. “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 17-ci cild, səh.370-371.

 

(Mənbə: “Həqiqət sorağında”, müəllif: “Höccətiyyə” mədrəsəsi, Elmi heyət, 17-ci sual.)
 
Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru