Piyada məsuliyyətsizliyinin acı statistikası

Piyada məsuliyyətsizliyinin acı statistikası

-- Vaqif Əsədov: “Hadisənin piyadanın günahı üzündən baş verdiyi sübut olunanda onlar da həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunurlar”

Son vaxtlar ölkə ərazisində ölümlə nəticələnən yol-qəza hadisələrinin sayı artıb. Daxili İşlər Nazirliyinin bu günlərdə açıqladığı rəsmi statistikaya görə, təkcə ötən həftənin şənbə və bazar günlərində respublika ərazisində 17 qəza hadisəsi qeydə alınıb. İki gündə 12 nəfər ölüb, 17 nəfər yaralanıb.
 
Təəssüflər olsun ki, ölkə əhalisinin ölüm səbəbləri arasında yol qəzaları ilk yerlərdən birini tutur. Belə ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 1678 yol qəzası qeydə alınıb, 687 nəfər ölüb, 1583 nəfər isə yaralanıb. Statistika onu göstərir ki, piyada ölümü ilə nəticələnən yol qəzaları da artıb və bunlar paytaxtda daha çox baş verir. İnsanların işıqforun qırmızı işığına məhəl qoymaması, piyada zolaqlarından, o cümlədən yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi bədbəxt hadisələrlə və bir çox hallarda ölümlə nəticələnir.
 
“Yeni Müsavat” qəzetinin müxbiri şəhərin bir sıra yollarında piyadaların hərəkətini müşahidə edib.
 
İlk müşahidəmizi insanların sıx hərəkət etdiyi “8-ci kilometr bazarı” ətrafında apardıq. Burada piyadalar yolla intensiv hərəkət edən avtomobillərin qarşısında sanki podiuma çıxırlar. Kimi qaça-qaça, kimi isə telefonla danışaraq yolu keçir. Bazarda alış-veriş edənlər isə əllərindəki ağır yüklərlə dördzolaqlı yolu qarşı tərəfə keçməyə çalışırlar. Bazar ətrafında yükdaşıyan arabaçılar da nəqliyyata çətinliklər yaradırlar.
 
Bildirək ki, “8-ci kilometr” bazarının qarşısında yeraltı piyada keçidi mövcuddur. Təəccüblü məqam odur ki, piyadalar həmin keçiddən istifadə etmir və keçid demək olar ki, istifadəsiz qalıb. Həmin keçidin “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin qarşısında iki istiqamətində çıxışı da var. Təəssüflər olsun ki, az sayda piyadanın həmin keçiddən istifadə etdiyinin şahidi olduq. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, piyadalar özlərinə təhlükə yaratmaqla yanaşı, sürücüləri də təhlükə altında qoyur, nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar. Piyadalar yolu əks istiqamətdə keçərkən əl işarələri ilə avtomobilləri dayandırmağa çalışırlar, 4 zolaqlı yolu çətinliklə qarşı tərəfə keçirlər. Piyadalar yolun yarısına çatanda tələsik yolu iki hissəyə ayıran arakəsmənin üzərinə çıxır, növbəti yolda avtomobil axınının azalmasını gözləyirlər. Seyrəklik olanda isə hoppanıb hərəkətlərinə davam edirlər.
 
Halbuki həmin ərazidəki yeraltı piyada keçidi ilə cəmi bir neçə dəqiqəyə rahat və təhlükəsiz şəkildə qarşıya tərəf keçə bilər. Elə məqamlar olur ki, sürücülərin əksəriyyəti piyadaların əl işarələrinə məhəl qoymayaraq yollarına davam edirlər. Bəzi hallarda piyada və sürücü arasında mübahisələr yaranır.
 
“Niyə yeraltı piyada keçidindən istifadə etmirsiz” sualı ilə piyadalara müraciət etdik. Qaydanı pozan bir neçə piyadanın fikirlərini də aldıq. Sualımıza cavabları birmənalı oldu. Piyadalardan bəziləri harasa tələsdiklərini, yaşlılar isə səhhətləri ilə əlaqədar keçiddən istifadə etmədikləri dedilər. Lakin unutmayaq ki, piyada keçidlərindən istifadə etməmək ilk növbədə özümüzün həyatımız bahasına başa gələ bilər. Mənzil başına bu cür tələsmək əslində ölümə tələsməyə bərabərdir...
 
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd etdi ki, sürücü diqqətli olmalı, hər bir şəraitə hazır olmalıdır: “Sürücü vəziyyətdən asılı olaraq nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa o təhlükədən yayına bilsin. Sürücü sürət həddini aşırsa, təbii ki, bu zaman sürət həddindən asılı olaraq əyləc məsafəsi yaranır. Təsəvvür edin ki, 100 km sürətlə gedirsə, tormoz verən zaman maşın 14 metr sürüşür. Yox, əgər 80 km sürətlə getsə, bu zaman 8 metr əyləc məsafəsi yaranır. Hər nə olursa-olsun, sürücü vəziyyətdən, şəraitdən asılı olaraq elə sürət seçməlidir ki, qəfildən hərəkət istiqamətində bir maneə çıxsa, həmin maneə ilə toqquşmasın. Yəni həm digər nəqliyyat vasitələri ilə ara məsafəsi düzgün saxlanılmalıdır, həm sürət həddi düzgün seçilməlidir, həm də diqqət yayınmamalıdır”.
 
Polkovnik bildirdi ki, yollarda nizam-intizamın yüksəldilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində 85 mindən artıq piyada saxlanılıb, məsuliyyətə cəlb edilib: “Təbii ki, piyadalar tərəfindən cərimələrin ödənilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bu cərimələrin tam ödənilməsi üçün də artıq zəruri tədbirlər həyata keçiririk. Qaydanı pozan şəxslərin iş yerlərinə və yaşadığı ərazi üzrə sahə inspektorlarına göstərişlər verilir. Piyada həmin cəriməni ödəməklə məsuliyyəti artır və nizam-intizamı yüksəlir”.
 
V.Əsədovun sözlərinə görə, son zamanlar statistikaya əsasən hadisələrin sayı azalıb, eləcə də ölüm faktoru da aşağı düşüb: “Yenə də hadisələrin təhlili onu deməyə əsas verir ki, piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 67 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Biz mövcud şəraiti araşdırıb, belə qənaətə gəlirik ki, yol-qəza hadisələrini ən azı iki dəfə azaltmaq mümkündür. Yəni yol hərəkəti sahəsində nizam-intizam yüksəlirsə, mədəniyyət səviyyəsi formalaşırsa və ərazidə polis əməkdaşı olmadan yol hərəkətini tənzimlənə bilirsə, deməli, hadisələr sıfıra bərabər ola bilər. Bəzən piyadanın vurulması hadisəsi ən azından yerüstü və yaxud yeraltı piyada keçilərinə yaxın məsafədə qeydə alınır. Səbəb - piyada səhlənkarlığı... Bu gün də ölkədə piyadalarla bağlı baş verən hadisələr araşdırılarkən, günahın piyadada olduğu sübuta yetirilirsə və yaxud onların səhvi üzündən, yol-hərəkəti qanunun tələbini pozması səbəbindən yol-nəqliyyat hadisəsi baş verirsə, artıq hadisənin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar məsuliyyətə cəlb olunur. Bu zaman piyada inzibati qaydada deyil, cinayət məsuliyyətinə cəlb edilir”.
 
Bu isə bir daha onu deməyə əsas verir ki, piyadalar avtomobil yolunu keçərkən ikiqat diqqətli olmalı, özlərinin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasına, eləcə də həyatları bahasına başa gələn qəzaların yaşanmasına səbəb olan hadisələrə şərait yaratmamalıdırlar.(musavat.com)
 

Google+ WhatsApp ok.ru