Plastik paketlər yoxsa  ip, qamışdan toxunma səbət və ya parça torbalar?

Plastik paketlər yoxsa ip, qamışdan toxunma səbət və ya parça torbalar?

1856-cı ildə Aleksandr Parks plastiki ixtira etdiyi zaman heç vaxt düşünmürdü ki, onun ixtirası 500 il yerin qonağı olacaq və ətraf mühit üçün böyük bir problemə çevriləcək. Dünyada plastik istehsalı üzrə statistika böyük bir fəlakətin olmasının göstəricisidir. B. Britaniya sənaye ölkəsi olaraq hər il 3 milyon ton plastik tullantı istehsal edir ki, onun 56  faizi qablaşdırma sənayesinə aiddir.
 
Çində plastik istehsalının həcmi astronomik bir rəqəmdir. Belə ki, bu ölkədə adam başına 24 kiloqram plastik istehsal olunur, dünyada isə adam başına bu rəqəm 27 kiloqram təşkil edir. 
 
Maraqlısı budur ki, 50-60-ci illərdə isteshal olunan 1 milyard tondan artıq plastik hələ də məhv olmayıb və ehtimal olunur ki, hələ bir neçə yüz il də təbiətdə qalacaq. 2002-ci ildə Banqladeş ilk ölkə idi ki, plastik paketlərdən istifadəni qadağan etdi. Buna səbəb isə bu ölkədə baş verən dağıdıcı sel zamanı plastik paketlərin kanalizasiyalarda tıxanmasına səbəb olması və selin daha çox fəsadlar törətməsi olmuşdu.
 
İrlandiya da 2002-ci ildə plastik paketlərdən istifadə edənlərə əlavə vergilər tətbiq etdi və bu məsələ ölkədə plastik paketlərdən istifadəni azaltdı. Həmçinin İtaliya da 2010-cu ildən plastik paketlərdən istifadə qadağan edilib. Belçika, İrlandiya, Almaniya və Hollandiya kimi ölkələrdə də plastik paketlərdən istifadə edənlərə əlavə vergilər  tətbiq olunub.
 
Maide.Az olaraq biz də ölkəmizdəki vəziyyət və plastik paketlərdən istifadənin ziyanlar ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu danışdırdıq. 
 
 T. Zeynalov bildirdi ki, İlk öncə onu deyərdim ki, bu məsələ hər zaman öz aktuallığını qoruyan məsələlərdəndir. Məişətdə  plastik paketlərinn istifadəsi zərərli hesab olunur. Onların yandırılaraq, basdırılaraq məhv edilməsi həm ekoloji, həm də  sağlamlıq baxımdan ətrafa ciddi əks təsirləri var. Bunun müqabilində həmin paketlərin yığılaraq müxtəlif formada məhv  edilməyindənsə, təkrar emala verilməsi nəticəsində müxtəlif adda müəyyən məişət məhsulları istehsal etmək daha münasib  və faydalıdır.
 
Plastik paketlərin daha faydalı olacaq alternativ  vasitələr haqqında  T. Zeynalov bildirib ki, zamanla bu məsələnin aktuallığının mühümlüyünü nəzərə alaraq bəzi ölkələrdə bununla bağlı alternativlərin təklif olunması müşahidə olunmamaqdadır. Bu yaxın aylarda Fransada  market və mağazalarda müştərilərə satılan məhsulların daşınılması müqabilində təqdim olunan plastik paketlərin istifadəsinə qadağa qoyulub. Və onun əvəzində isə alıcılara münasib və daha uzunömürlü kağız paketlər təklif edilir. 
 
Hazırda ölkəmizdə marketlərdə ən çox plastik paketlər təqdim olunmaqdadır. Yaxşı olar ki, market və mağaza sahibləri öz müştərilərinə ekoloji cəhətdən daha münasib olan daşıyıcı vasitələri təqdim etsin.
 
Tarixdə bu alternativlərin bariz nümunəsi Sovet dönəmində müşahidə olunub. Belə ki, plastik paketlərin hələ olmadığı vaxtlarda satışda ipdən və qamışdan toxunma səbətlər, parçadan ibarət olan torbalar var idi. Və bu vasitələr həm keyfiyyətli və uzunmüddətli istifadə üçün nəzərdə tutulurdu. Yenidən bu və buna oxşar paketlərin hazırlanması məqsədə uyğundur.
 

Google+ WhatsApp ok.ru