''Polislər üstümüzə çıxıb əzə-əzə keçirdilər''

''Polislər üstümüzə çıxıb əzə-əzə keçirdilər''

 
Sahil Rzayev: ''Mənə iki təklif oldu: Sənə maşın, ev veririk və platnıya (aylıq maaşa) salırıq. Bu şərtlə razılaşıb ya bizimlə birgə işləyəcəksən, ya da səni uzun müddətli həbsə göndərəcəm''.
 
Lənkəran şəhər sakini, hazırda həbsdə olan dindar Sahil Xalid oğlu Rzayev Sabunçu rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Həbsinin motivi barədə məlumat verən Sahil Rzayev şikayətində üzləşdiyi təzyiqlərdən də söz açıb.
 
Şikayətin bir nüsxəsi Meydan TV-yə təqdim edilib.
 
Sahil Rzayev apellyasiya şikayətində qeyd edib:
"5 noyabr saat təxminən 10:00-da "Müsəlman Birliyi"Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanması ilə əlaqədar Sabunçu Polis İdarəsinin qarşısına gəldim. İdarənin qarşısında toplaşanlardan Elçin Qasımovun nəyə görə saxlandığını soruşdum. Bu vaxt Çevik Polis Alayının və Sabunçu Polis İdarəsinin polisləri əllərində silah və dubinka ilə üstümüzə hücum çəkdilər. Başıma zərbə vurduqları üçün huşumu itirmişdim. İdarənin içində ayılanda çox sayda dindarın tutulduğunu gördüm. Saxlanılan bütün dindarların əllərini arxadan qandallayıb üzüaşağı uzatdılar. Polislər idarənin hər hansı bir otağına keçmək istədikdə üstümüzə çıxıb əzə-əzə keçirdilər. Bir müddətdən sonra saxlanılanları qəbul edib dindirməyə başladılar. Dindirildikdən sonra 8 nəfərdən başqa bütün inanclıları buraxdılar. Bu səkkiz nəfər, Lətif Əhmədov, NiftəliVəliyev, Elvin Bünyadov, Anar Əliyev, Elxan İsgəndərov, Elçin Qasımov, Ağaəli Yahyayev və bir də mən idim. Bu səkkiz nəfər inanclıdan başqa dindarlara heç bir aidliyi olmayan Teymur Osmanov adlı bir şəxsi də bizə qoşdular. Hamımıza 315.2 (polisə müqavimət) və 221.2 (xuliqanlıq) maddələri cinayət işi açdılar. Səhər açılanda isə bu maddələri ləğv edib, bizi sutkalıq həbsə göndərdilər. Noyabr ayının 20-si saat 00:00-da məni, Elvin Bünyadovu və Teymur Osmanovu 15 sutka cəzadan sonra azad etdilər".
 
Sahil Rzayev deyir ki, səhərisi gün yaşadığı Lənkəran şəhərinə gedib. Noyabrın 29-da Nardaranda baş verən məlum hadisə ilə əlaqədar yenidən həbs edilib:
 
"Lənkəran MTN-ni məni birbaşa Yasamal Polis İdarəsinə İsfəndiyar Mehbalıyevin yanına gətirib təhvil verdi. İ.Mehbalıyev mənə iki təklif etdi: “Sənə maşın, ev veririk və platnıya (aylıq maaşa) salırıq. Bu şərtlə razılaşıb ya bizimlə birgə işləyəcəksən, ya da səni uzun müddətli həbsə göndərəcəm”. Onun təklif etdiyi birinci şərti, yəni mədəni işverənliyi qəbul etmədiyim üçün məni yenidən “polisə itaətsizlik” adı ilə 25 sutka həbs etdilər. Sutkanın sonuncu günü - dekabrın 10-da Bakı şəhəri Baş Polis İdarəsinin cinayət-axtarış bölməsinin əməkdaşı Məhərrəm İsmayılov məni Binəqədi sutkalığında qəbul etdi. İ.Mehbalıyevin təklif etdiyi mədəni işverənliyi M.İsmayılov da eynilə mənə təklif etdi. Mən M.İsmayılova mənfi cavab verdiyim üçün elə həmin gün müstəntiq Emzar (soyadını bilmirəm) 315.2 və 221.2-ci maddələrlə mənə cinayət işi açdı və digərləri kimi Kürdəxanı təcridxanasına göndərdi. Bir neçə aydan sonra 221.2-ci maddəni ləğv edib, yerinə 233-cü (icazəsiz mitinq) maddəni əlavə etdilər. Heç bir dəlil, sübut olmadan Sabunçu Məhkəməsi mənə 6 il 6 ay, digərlərinə isə 6 il hökm oxudu.
 
Biz ilkin məhkəməmizdə maddi sübut olaraq, Sabunçu Polis İdarəsinin təhlükəsizlik kameralarındakı çəkilişləri tələb etdik. Birtərəfli mövqe tutan hakim bu tələbə əhəmiyyət vermədi. Çünki yaxşı bildirdilər ki, həmin çəkilişlər yüksək rütbəli məmurların ziyanına olacaq. Həmin çəkilişləri Azərbaycan xalqı görsə, Azərbaycan asayiş keşikçilərinin hansı əqidədə olduqlarını görüb dəhşətə gələcəklər".
 
Dindar deyir ki, cibində 5 ədəd "Müsəlman Birliyi"Hərəkatına aid olan üzvülük kartı çıxarılıb: "Bu kartları gördükdən sonra idarənin təxminən 10 işçisi məni əli qandallı qan qusana qədər döydülər və idarənin ikinci mərtəbəsində, idarə rəisinin otağının giriş hissəsində üzüaşağı uzatdılar. Otağa girib-çıxan bütün polislər başıma vurub keçirdilər. Bir az sonra çiynində mayor rütbəsi olan məmur məndən hansı bölgədən olduğumu soruşdu. Lənkəranlı olduğumu dedim. Lənkəranlıları söydü və dedi ki, onlar həmişə kürdlərə qarşı çıxıblar. Dedim ki, danışığına fikir ver. Azərbaycanda türk, talış, kürd və sairə hamısı qardaşdılar. Dedi, kəs səsini. Türkləri də söydü. Mən cavab qaytardığım üçün yenidən mənə işgəncə verməyə başladılar. Demək olar ki, oradakı məmurların çoxu bu sözü - kürdlərə qarşı çıxanın nəslini yer üzündən silərik- deyirdilər. Baş verən məsələlərin çox az hissəsini bu yazımda qeyd etmişəm. Əslində isə, yazılacaq məsələlər çoxdur.
 
Bunları yazmaqda məqsədim budur ki, məzlum xalqımız bu cür məmurları tanısın və öz xalqına, ölkəsinə, bayrağına sadiq olan bizlərin səsinə səs versin".
 
Sahil Rzayevin vəkili Elçin Sadıqov Meydan TV-yə bildirib ki, işgəncə faktları ilə bağlı Respublika Prokurorluğuna müraciət edilib. (meydantv) /
 

 

Google+ WhatsApp ok.ru