Polis maşında söhbət etdiyinizi belə görəcək - 40 AZN cəriməsi var

Polis maşında söhbət etdiyinizi belə görəcək - 40 AZN cəriməsi var

Ekspert: `Sürücülərə qarşı bu cərimənin praktikada tətbiqi mümkün deyil`

Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin.
 
Maide.Az xəbər verir ki, bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?
 
“Qafqazinfo” suala cavab tapmaq üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O bildirib ki, hər hansı bir yolda xidmət aparan polis inspektoru bunu vizual baxışla asanlıqla müəyyən edə bilər:
 
“Polis qarşı tərəfə-avtomobil gələn istiqamətə baxır. Bu zaman alın şüşəsində sürücünün hərəkətlərini, yanındakı sərnişinlə danışdığı aydın görünür. Belə olduğu halda isə təhlükəsizlik baxımından ona saxlama işarəsi verilir. Telefonla danışmağın özü inzibati xəta tərkibidir. Polis telefonla danışan şəxsi necə görür bəs? Deməli vizual baxış deməyə imkan yaradır ki, sürücü sükan arxasında mobil telefonla danışır. Diqqəti yayındıracaq söhbətlərin müəyyən edilməsi də eynidir.
 
O ki qaldı, mövzunuun sosial şəbəkələrdə müzakirə olunmasına, sərnişinlər özləri də diqqət etməlidir. Sükan arxasında oturan şəxs onların suallarını cavablandırırsa, deməli diqqətsiz sürücüdür və bu hərəkətinə görə haçansa qəza törədə bilər. Ən azından sürücü özü deməlidir ki, fikrini yayındırmasınlar. Qəza ani baş verir, ona görə də sükan arxasında olan sürücü diqqətli olmalı, bütün fikrini yola cəmləşdirməlidir”.
 
`Sürücülərə qarşı bu cərimənin praktikada tətbiqi mümkün deyil`
 
Avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, bunu praktikada tətbiq emək demək olar ki, mümkün deyil.
 
Bunu  isə Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.
 
Ə.Hüseynov bildirib ki, "Yol hərəkəti haqqında" qanunda sürücülərin nəqliyyat vasitəsini təhlükəsiz idarə etməsi ilə bağlı tələblər var: "O tələblərdən biri də odur ki, nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıran söhbətlər etmək olmaz. Ümumiyyətlə, əsas diqqət nəqliyyat vasitəsinin idarə olunmasına, yol hərəkət şəraitinə nəzarətə yönəlməlidir. Əgər insan avtomobili idarə edən zaman davamlı söhbət edərsə, telefonla danışarsa, hətta müxtəlif işlərlə məşğul olarsa, məsələn, yemək yeyər, su içər, siqaret çəkərsə, təhlükə artır, nəqliyyat vasitəsinə nəzarət zəifləyir. Bu cür hərəkətlərin bəzilərinə cərimə nəzərdə tutulur, bəzilərinə tutulmur. Ancaq nəzərdə tutulan cərimələri də tətbiq etmək, demək olar ki, mümkün deyil".
 
Ə.Hüseynovun sözlərinə görə, "nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıran söhbətlərdə iştirak etmək olmaz ifadəsi" özü də mücərrəd ifadədir: "Diqqəti yayındıran söhbəti kənardan necə müəyyən etmək olar? Necə müəyyən etmək olar ki, bu söhbət adi işgüzar, yoldaşcasına söhbətdir, yoxsa diqqəti yayındıran söhbət? Birincisi, bunu qiymətləndirmək mümkün deyil, ikincisi isə bunu praktiki olaraq qeydə almaq mümkün deyil. Məsələn, avtomobili idarə edərkən telefonla danışan zaman bunu praktiki görmək, şəklini çəkmək olur, ancaq söhbətin diqqəti yayındıran söhbət olmasını necə müəyyən etmək olar? Diqqəti yayındıran söhbətlərdə iştirak etməklə bağlı qadağa, cərimə var, amma onu tətbiq etmək qeyri-mümkündür. Ona görə də bu cərimənin indiyə qədər praktikada tətbiqi sıfıra bərabər olub, bundan sonra da belə olacaq. Ancaq sürücülər öz təhlükəsizlikləri, həm də yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün bu məsələlərdə diqqətli olmalı, təhlükə yaradan hərəkətlərə yol verməməlidirlər".
 
 

Google+ WhatsApp ok.ru