Polis valideynləri Administrasiya qarşısına qoymayıb

Polis valideynləri Administrasiya qarşısına qoymayıb

Bu gün, noyabrın 20-də Bakıda övladları vətənə xəyanətdə suçlanan bəzi valideynlər Prezident Administrasiyasının (PA) qarşısında toplaşmağa cəhd ediblər. Onlar əvvəlcədən bildirmişdilər ki, orada aclıq aksiyasına başladıqlarını açıqlayacaqlar. Amma polis onların Prezident Administrasiyası qarşısına toplaşmasına imkan verməyib. Polislər qarşılarını kəsərək, onları metronun «İçərişəhər» stansiyasına doğru sıxışdırıb. Bu zaman bir valideynin halı pisləşib və ona yardım göstərilib.
 
Valideynlər deyiblər ki, uşaqları günahsızdır və onların azadlığa buraxılmasını istəyirlər. «İndi həbsdə olanlar qadınlardan, gəlinlərdən çörəkpulu gözləyirlər. Qadınlar nəylə göndərsinlər o çörək pullarını? Başsız qadınlardır...», - valideynlərdən biri deyib.
 
Baş verənlərə, valideynlərin səsləndirdiyi bu fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
 
Amma həmin valideynlər budan əvvəl də dəfələrlə həm Prezident Administrasiyası və həm də başqa rəsmi qurumlar qarşısında toplaşaraq şikayətlərini dilə gətiriblər. Valideynlərin demələrinə görə, həmin qurumlarda qəbullar zamanı onlara şikayətlərinin araşdırılacağı haqqında vədlər verilib. /azadliq.org

Google+ WhatsApp ok.ru