Politoloq: “Putin onun Özbəkistan prezidenti olmasına dəstək verə bilər”

Politoloq: “Putin onun Özbəkistan prezidenti olmasına dəstək verə bilər”

“Özbəkistanın indiki baş naziri Şövkət Mirziyoyev prezident İslam Kərimovun yerinə ən şanslı namizəddir”.

 

Bunu Publika.az-a açıqlamasında “Atlas” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu deyib ki, baş nazir Şövkət Mirziyoyev İslam Kərimova ən yaxın adamlardan biri olub: “Digər tərəfdən isə Şövkət Mirziyoyev Özbəkistanın təhlükəsizlik naziri ilə yaxın əlaqələrə malikdir. Eyni zamanda, Şövkət Mirziyoyevin Rusiyanın tanınmış özbək əsilli iş adamı Əlişir Usmanovla yaxın qohumluq əlaqələri var. Əlişir Usmanov isə Rusiyanın ən varlı adamı olmaqla bərabər, prezident Vladimir Putinə yaxın adamdır. Belə olan təqdirdə Rusiyanın özü də Şövkət Mirziyoyevin Özbəkistan prezidenti olmasına dəstək verə bilər”.

 

E.Şahinoğlu qeyd edib ki, İslam Kərimovun qızları hakimiyyətə gələ bilməz: “Çünki İslam Kərimovun bir qızı ev dustağıdır, o, hakimiyyətə gələ bilməz. Digər qızının isə belə bir iddiası yoxdur. Səhv etmirəmsə, o, Özbəkistanın YUNESKO-dakı xoşməramlı səfiridir”.

 

Politoloq bildirib ki, indi İslam Kərimovun vəziyyətinin ağır olması ilə bağlı müxtəlif xəbərlər yayılıb: “Bəziləri deyir ki, İslam Kərimov xəstəxanada ağır vəziyyətdədir, digərləri isə deyir ki, artıq vəfat edib və sairə. Ancaq bu dəqiqdir ki, artıq İslam Kərimovun erası başa çatıb. Onun yerinə başqası hakimiyyətə gələcək. Özbəkistanda prezident olacaq şəxslər arasında daha çox indiki baş nazirin adı hallanır. Şübhəsiz ki, yeni prezident olacaq adam İslam Kərimovun yürütdüyü xarici siyasəti tam təkrarlamayacaq. Mümkündür ki, Özbəkistanın xarici siyasətində müəyyən dəyişikliklər olsun. Yəni, İslam Kərimovdan fərqli olaraq Özbəkistan Türkdilli dövlətlərlə bir qədər yaxınlıq nümayiş etdirsin. Yəqin ki, Türkiyə və digər Türkdilli dövlətlər də buna çox çalışacaq. Ancaq xarici siyasətdə başqa seçimləri də olacaq. Düşünürəm ki, Özbəkistanın xarici siyasətində Rusiya və ABŞ-la bağlı ciddi dəyişiklik olmayacaq. Balansı qorumaq naminə, Özbəkistan həm Rusiya, həm də ABŞ və Qərblə eyni məsafədə dayanmağa çalışacaq. Yəqin ki, Özbəkistan qoşulmamaq siyasətinə üstünlük verəcək”.

 

E.Şahinoğlu Özbəkistanda yeni hakimiyyətin Türkdilli dövlətlərə münasibətində müsbət dəyişiklik olacağına inandığını söyləyib: "Digər Türkdilli dövlət başçılarından fərqli olaraq, İslam Kərimov hakimiyyətdə olduğu illərdə bir qədər fərqli siyasət yürüdüb. Onun rəhbərlik etdiyi Özbəkistan dövləti bir vaxtlar GUAM-ın da üzvü olub. Ancaq çox qısa müddətdə Özbəkistan GUAM-ı tərk edib. Bir ara Özbəkistan Rusiya və ABŞ ilə də yaxın müttəfiq olub. Yəni, İslam Kərimovun tez-tez dəyişən hərəkətləri olub.

 

İslam Kərimov bir müddət Türkdilli Dövlət Birliyinə də isti yanaşırdı. Ancaq sonradan nədənsə Özbəkistanın mövqeyi soyuqlaşdı. Hətta, bir vaxtlar İslam Kərimov Fətullah Gülən şəbəkəsini Özbəkistana dəvət edərək, “bütün məktəbləri sizə verirəm” demişdi. Bu, 8 min məktəb demək idi. Ancaq Gülən məktəblərini ilk bağlayan dövlət məhz Özbəkistan oldu. Son hadisələr də göstərdi ki, İslam Kərimov çox düzgün qərar verib”. /

Google+ WhatsApp ok.ru