Pompeo Brüsseldən Rusiyaya gedir

Pompeo Brüsseldən Rusiyaya gedir

Danışıqlarda silahlara nəzarət məsələsinə xüsusi diqqət ayrılacaq

ABŞ-ın Dövlət katibi Mike Pompeo mayın 13-də Brüsselə səfər edəndən sonra Rusiyaya ilk səfərini edəcək. O, iki ölkənin münasibətlərində gərginlik yaşandığı bir dönəmdə Prezident Vladimir Putin-lə danışıqlar aparacaq.
 
Bu, 2018-ci ilin iyulundan bəri ABŞ-Rusiya rəsmilərinin ən yüksək səviyyəli toplantısı olacaq. Ötən il Putin amerikalı həmkarı Donald Trump ilə Finlandiyada bir araya gəlmişdi.
 
Pompeo mayın 13-də Brüsseldə Avropa rəsmiləri ilə İranı və digər məsələləri müzakirə edəcək. O, əslində, ilk öncə Moskvaya getməliydi, Rusiya səfərinin bu hissəsini təxirə salıb.
 
Dövlət katibi Rusiya paytaxtında səfirlik rəsmiləri, ABŞ biznes icmasının üzvləri ilə görüşməliydi. Bu yaxınlarda tanınmış investor Michael Calvey-nin Rusiyada həbsi biznes icmasını sarsıdıb.
 
Pompeo mayın 14-də Soçidə Putin və Xarici işlər naziri Sergei Lavrov-la görüşəcək, Dövlət Departamentinin rəsmisi mayın 12-də bildirib.
 
“Rusiyayla bağlı siyasətimizin müzakirəsində başlanğıc nöqtəsi kimi səmimi etiraf etməliyik ki, Rusiya qlobal səhnədə bir sıra aqressiv və sabitsizliyi pozan addımlar atıb”, – Departamentin bir rəsmisi mayın 10-da jurnalistlərə deyib.
 
Anonimlik şərtilə danışan rəsminin sözlərinə görə, Pompeo-nun səfəri “bu məqamların Rusiya hökumətinə açıq bildirilməsi” üçün bir fürsətdir.
 
Həmin rəsmi danışıqlarda silahlara nəzarət məsələsinə xüsusi diqqət ayrılacağını vurğulayıb.
 
Birləşmiş Ştatlar fevralda 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri Sazişindən çıxdığını elan edib. Həmin sazişi 1987-ci ildə Birləşmiş Ştatlarla keçmiş Sovet İttifaqı bağlamışdı.
 
Vaşinqton Rusiyanın yeni raket sistemi yaratmaqla sazişi pozmaqda ittiham edib və bu ilin fevralından sazişdən rəsmi çıxmaq prosesini başladıb. İddiaları rədd edən Moskva da sonradan oxşar addım atıb.
 
Trump ötən həftə Putin-lə telefonla danışıb. Onlar nüvə silahlarını məhdudlaşdıracaq, Çinin olmayacağı yeni sazişin mümkünlüyünü müzakirə ediblər.
 
Mayın 13-də Çinin Xarici işlər naziri Wang Yi də Soçidə Lavrov-la görüşməlidir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru