İpoteka ödənişlərində problemlər

İpoteka ödənişlərində problemlər

"Yeni Müsavat" qəzetində "İpoteka kreditlərinin ödənilməsində problemlər yaşanır" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda bildirilir ki, son vaxtlar ölkədə istehlak, biznes kreditlərinin qaytarılmasında problem yarandığı kimi, ipoteka kreditlərinin ödənişində də çətinliklər meydana çıxıb:
 
"Bu səbəbdən də ipoteka krediti ilə alınmış mənzillərin satışı artıb. Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə qaytarılır, ya da satışa çıxarılır. Səbəb də maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir".
 
Yazıda buna daha bir səbəb kimi aylıq ödənişlərin minimum və orta aylıq əməkhaqqından çox olması göstərilir.
 
Müəllif xatırladır ki, manatın devalvasiyalarına qədər tikinti şirkətləri Beynəlxalq Bankın xətti ilə ilkin ödənişsiz və ya 10 faiz ilkin ödənişli, 20 illik ipoteka ilə xeyli mənzillər satıb:
"Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkir. Vəziyyət pisləşdiyi üçün Beynəlxalq Bank ipotekanın bir addan digərinə keçirməyə icazə verib. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir".
 
Yazıda bildirilir ki, bəzi ailələr artıq mənzilini tikinti şirkətlərinə qaytarıb. Üstəlik, şirkətə dəyən ziyan da alıcıdan tutulur.
 
Bu sahədə durumu qəzetə ekspert Ramil Osmanlı belə şərh edib:
"Müxtəlif istiqamətlər üzrə problemli kreditlərin həcmi artıb. Ola bilər ki, ipoteka kreditlərində də problemli kreditlər meydana çıxıb".
 
R.Osmanlı hesab edir ki, ipoteka şərtlərinə yenidən baxılmalıdır. Bu şərtlər indiki iqtisadi duruma uyğunlaşdırılmalıdır. /

Google+ WhatsApp ok.ru