''İpoteka kreditlərinin verilməsində durğunluq var''

1 may 2016-cı il üçün Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 730 milyon 702,42 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib. Bir ay əvvəl isə 730 milyon 608,4 məbləğində 17 min 993 kredit verilib. Yəni apreldə 94,02 min manat məbləğində 2 kredit verilib.
 
Martda cəmi 3 kredit verilib. "Turan" İnformasiya Agentliyi müqayisə üçün bildirir ki, ötən ilin martında 15 milyon 464,67 min manat məbləğində 359 kredit verilib. Bu isə AİF tərəfdaşı olan bankların maliyyə problemləri ilə bağlı durğunluqdan xəbər verir.
 
Ötən il ərzində 97 milyon 273,98 min manat məbləğində 2 min 146, inişil 99 milyon 927,74 min manat məbləğində 2 min 275 kredit verilib.
 
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Kommersiya şərtləri ilə ipoteka kreditləri 50 min manatadək illik 8 faizdən çox olmayan dərəcə ilə verilir. Sosial ipotekanın maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4 faizdən çox deyil. Dövlət büdcəsindən maliyyələşdirilən sosial ipoteka mənimsənilməyib. Bu il dövlət başçısı əlavə 200 milyon manat ipoteka krediti verilməsi haqqında sərəncam verib. Görünür, bu vəsaitlərə ehtiyac olmayacaq.
 
Məlumatı Meydan TV-yə şərh edən Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, 2015-ci ilin göstəriciləri 2014-cü illə müqayisədə xeyli azalıb: "Bütövlükdə ipoteka kreditlərinin verilməsində durğunluq var. Amma bunu birbaşa kommersiya banklarıyla əlaqələndirmək düzgün deyil. Məsələ ondadır ki, hökumət 2016-cı ilin büdcəsinin ipoteka üçün xərclər bölməsində illik ipoteka xərclərinə 50 milyon manat ayırsa da, vəsait müvafiq kredit təşkilatlarına ödənilməyib. Ona görə də kredit təşkilatları vəsaitin yerləşdirilməsini həyata keçirə bilmirlər. Ötən və bu ay verilən 4-5 ipoteka isə bəzi müvəkkil bankların daxili vəsaiti hesabına başa gəlib. Onlar da düşünür ki, gələcəkdə maliyyələşmə olanda vəsaitlər ödəniləcək".
 
Ramil Osmanlı mövcud ipoteka proqramını sürətləndirəcək hər hansı addımın atılmasının da naratlıq yaratdığını dedi: "Prezident ötən ilin yayında Maliyyə Nazirliyinə və Mərkəzi Bank rəhbərliyinə əlavə ipoteka vəsaiti ayrıəlması barədə göstəriş verib
 
Söhbət təqribən 200 milyon manatdan gedir. Amma vəsaitin ayrılması nəinki həyata keçirilmədi, ipoteka proqramında əhəmiyyətli dəyişikliklər nəzərdə tutulmadı. Məsələn, 4 və ya 8 faiz əməkhaqqı şərtlərinə heç bir dəyişiklik olmasa, hətta 200 milyon manat ayrılsa da, onu yerləşdirmək mümkün olmayacaq. Çünki statistika göstərir ki, son illərdə ipotekadan bəhrələnənlərin təxminən 50 faizi bank-maliyyə, bank-sığorta və neft-qaz sektorunda çalışanlardır. Onların da əməkhaqqı göstəriciləri minimum 900 manatdan çox olub. Bu gün ixtisarları, bankların filialarının bağlanmasını nəzərə alsaq, ipotekaya əlçətanlılığı artırmaq üçün ciddi islahatlara ehtiyac var, konkrert olaraq, faiz dərəcələrinə yenidən baxılmalı, ilkin ödənişlə bağlı müvəkkil kredit təşkilatları banklar qarşısında öhdəliklər qoyulmalıdır. Məsələn, ilkin ödəniş 10 faizdirsə, bu, qanunvericilikdə təsdiqlənməli və banklar bundan kənara çıxmamalıdır. Banklar qarşısında minimum tələb kimi 20 faiz qoyulub, amma ilkin ödənişi 50 faizə qədər artıran banklar da var. Bu da bankların fond qarşısında öhdəlik götürməməsindən irəli gəlir".
Ekspert məsələnin ən ciddi tərəflərindən biri də prezidentin İpoteka Fonduyla bağlı fərmanına uyğun olan işlərin ləngiməsini göstərdi: "Fərman oktyabrda verilib, hətta normativ hüquqi aktlarla bağlı islahatların müddət bitib. Nəinki fondun əsasnaməsinin və Müşahidə Şurasının, İdarə Heyətinin təsdiqlənməsi. Sadaladıqlarım fondun fəaliyyətinin axsamasına və proqrama mənfi təsirlərini göstərir".

Google+ WhatsApp ok.ru