Poçtlar kənd yerlərində bankları əvəzləyəcək

Poçtlar kənd yerlərində bankları əvəzləyəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC Dünya Bankı Qrupunun üzvü olan "IFC (Beynəlxalq Maliyyə Korporasiyası)" ilə tərəfdaşlığa başlayıb.
 
Bu barədə Nazirlikdən verilən məlumatda bildirilir.
 
Məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir. Layihəyə əsasən, Beynəlxalq Maliyyə Korporasiyası elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında "Azərpoçt"la birgə çalışacaq. Hazırda "Azərpoçt" MMC bir sıra maliyyə xidmətləri təqdim edir. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq quruma digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətləri göstərməsi və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməsi üzrə yardım edəcək. Bu fəaliyyət İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq əsasında icra olunan "IFC"-nin "Elektron və rəqəmsal maliyyə xidmətləri" layihəsi çərçivəsində həyata keçirilir.
 
Sözügedən təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək. 

 

Google+ WhatsApp ok.ru