Prezident aclıq aksiyası keçirəcəyini deyir

Prezident aclıq aksiyası keçirəcəyini deyir

Monqolustan prezidenti deyir ki, ölkə parlamenti könüllü buraxılmasa, aclıq aksiyası keçirəcək. O, parlamenti iqtisadi çətinliklərin öhdəsindən gələ bilmədiyi üçün tənqid edib.
 
“Bloomberg” yazır ki, Prezident Khaltmaa Battulga bu barədə yerli televiziyaya müsahibəsində danışıb. Prezidentin qanunvericilik irəli sürmək, veto qoymaq hüquqları məhduddur və daha öncə də parlamentin buraxılmasına dair müzakirələr başlatmaq təklifini irəli sürüb.
 
Prezident oktyabrın 29-da parlamentin spikerinə məktubunda qanunverici orqanın təcili buraxılmasını müzakirəyə çıxarmağı təklif edirdi. Məktubda deyilir ki, 2016-cı il seçkisi zamanı verilən vədlərə əməl olunmayıb, həmçinin ölkə qanunvericiliyi pozulub.
 
C1 Televiziyasına müsahibədə prezidentdən soruşublar ki, parlamentin buraxılmasını istəyəndən sonra nə edəcək. “Aclıq aksiyası?” - Battulga söyləyib.
 
“Hazırda belə bir mərhələyə çatmışıq”, – deyən prezident oturaq aksiya keçirməyi də təklif edib. “Təkliflər göndərməklə müxtəlif yolları sınamışam, bu məsələni də müzakirə etmişik”, – o bildirib.
 
Prezidentin sözçüsü isə onun aclıq aksiyası məsələsində nə dərəcədə ciddi olmasına şərh verməyib.
 
SİYASİ GEDİŞ
 
“Bloomberg” yazır ki, Battulga-nın dediklərinə 2020-ci ilə planlaşdırılan parlament seçkisi öncəsi siyasi gediş kimi də baxanlar var. Seçkidə onun müxalifətdə olan Demokratik Partiyası daha çox yer qazanmağa çalışacaq. Hakim Monqolustan Xalq Partiyası isə 76 yerlik parlamentdəki yerlərin 85 faizinə nəzarət edir və parlamentin buraxılmasından ötrü azı üçdə ikinin dəstəyi lazımdır.
 
Altan Bumba Maliyyə qrupunun təhlilçisi və başçısı Dale Choi deyib ki, prezident ölkənin siyasi sistemində daha çox səlahiyyətə yiyələnməyə çalışır.
 
“Bu şouların məqsədi elektorat arasında populyarlıq, seçicilərin dəstəyini qazanmaqdır”, – o deyib.
 
Ölkənin statistika idarəsinin hesablamasına görə, bu ilin birinci yarısında iqtisadiyyat 6,3 faiz artıb, çünki Monqolustandan mineral ixracı üçün bazar yaxşılaşıb. Ötənilki artım 5,1 faiz idi.
 
Vaxtilə idman və incəsənətlə məşğul olmuş Battulga sonradan qurduğu biznesi sayəsində milyonçuya çevrilib. O, oliqarx adlandırdığı isteblişment liderlərini, eləcə də Monqolustanın əsas ticarət tərəfdaşı Çini tənqid etməsilə tanınır.
 
Monqolustanda aclıq aksiyaları əvvəllər də keçirilib. 1990-cı il etirazları zamanı ölkə dinc şəkildə sovet sosializmindən demokratiya və bazar iqtisadiyyatına keçid aldı. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru