Prezidentin ad günündə 29 fil kəsəcəklər

Əhalisinin 90 faizindən çoxu aclıq çəkən Zimbabvenin prezidenti Robert Muqabe 91 yaşını xüsusi dəbdəbə ilə qeyd etməyə hazırlaşır.
 
Maide.az virtualaz.org-a istinadən xəbər verir ki, Muqabenin ad günü fevralın 28-də olacaq.
 
Bu münasibətlə Viktoriya şəlaləsi yaxınlığında yerləşən spa-oteldə 20 min qonağın iştirakı ilə ziyafət veriləcək. Qonaqları yedirtmək üçün 29 fil, 2 öküz, 5 antilop və 1 şir kəsəcəklər.
 
Bu heyvanları yerli fermerlər verməlidir. Bundan əlavə, Çindən daha 27 fil ölkəyə gətirilib.
 
“Le Figaro” qəzeti yazır ki, hazırda heyvanların kəsilməsini təşkil etmək üçün istirahət parkının administrasiyası ilə danışıqlar aparılır. Heyvanların ətinin saxlanılması üçün otellə razılaşma artıq əldə olunub.
 
Ancaq yerli vəhşi təbiət müdafiəçiləri və əhali bundan narazıdır. Zimbabvelilər deyirlər ki, prezidentin ad günü üçün kəsilən heyvanlar illik ov kvotasına daxildir, onların pulunu kimin ödəyəcəyi məlum deyil.
 
Zimbabve əhalisi aclıq və səfalət içində olsa da bu ölkənin qoca hökmdarı ad günlərini həmişə xüsusi dəbdəbə ilə qeyd edir. Ötən il onun 90 yaşında havaya 90 hava şarı buraxılıb, 90 inək kəsilib və 90 kiloqramlıq tort bişirilib. Bu ziyafət prezidentə 40 milyon dollara başa gəlib.
 
Muqabe bu yaxınlarda büdrəyib yıxılması ilə dünya mətbuatının gündəminə gəlmişdi. Buna baxmayaraq Zimbabve diktatoru deyir ki, hakimiyyətdən onu ancaq ölüm ayıra bilər. Konstitusiyaya görə, o, 99 yaşına qədər hakimiyyətdə qala bilər.

Google+ WhatsApp ok.ru