Problemləri həll edilməyən Sulutəpə sakinləri: `...Hər tikiliyə görə 10-20 min manat alırlar`-Foto

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, "Yuxarı Məhəllə" adlanan ərazidə yaşayan sakinlər illərdir ki, yolların bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər. Bundan əlavə qəsəbənin su ilə təminatında yaranan problem sakinlərin yaşamını daha çətin vəziyyətə salıb. 
 
Sakinlər deyir ki, rayon icra hakimiyyəti nümayəndələri bu problemlərdən xəbərdar olsalar da, heç bir iş görmürlər. 
 
Musavat.com-un əməkdaşı adıçəkilən ərazidə olub və qəsəbə sakinlərinin durumu ilə maraqlanıb. Sulutəpə qəsəbəsi, "Yuxarı Məhəllə"də, yüksək təpələrin üzərində ev qurub, yaşayan sakinlər 13 ildir ki, qazsız və susuz yaşayırlar. Çünki qəsəbəyə hələ də qaz və su xətləri çəkilməyib. 
 
Sakinlər deyir ki, Oğuz-Qəbələ su xəttinin Sulutəpədən keçməsinə baxmayaraq, illərdir, su üzünə həsrət qalıblar: “Ayda ən azı 3 dəfə su maşınları ilə su alırıq. Bir maşın suyun qiyməti 25 manatdır. İcra nümayəndələri dəfələrlə əraziyə su xətti çəkəcəklərini vəd etsələr də, heç bir iş görməyiblər".
 
"Yuxarı Məhəllə" adlanan ərazinin yüksəkliyində yaşayan sakinlər isə həm də yolsuzluqdan əziyyət çəkirlər, hər gün kilometrlərlə piyada yol qət edib avtobus dayanacağına gedirlər: “Qəsəbənin marşrut problemi də var. 158 nömrəli avtobusa minmək üçün piyada xeyli yol getməli oluruq. Uşaqlar məktəbə gedəndə toz-torpaq içərisində olurlar. Yüksəklikdən düşərkən rahat olsa da, aşağıdan yuxarı çıxmaq çox çətindir. Məktəblilər, yaşlı insanlar hər gün keçilməz təpəliyi aşmalı olurlar". 
 
Çəkiliş zamanı diqqətimizi onlarla yarımçıq tikili çəkdi. Bu tikililərdən bəziləri isə sökülmüş vəziyyətdə  idi. 
 
Sakinlər bu mənzərəni bizə belə izah etdilər: “Qəsəbədə bir ayaqyolu tikmək belə, qadağandır. Həyətimizdə iş görən kimi icra nümayəndələri "hesab" tələb edirlər. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ev tikmək üçün 10 min, bəzən 20 min manat pul istəyirlər. Əks halda, tələb etdikəri məbləğ çatmayanda icra nümayəndələri tikintini dayandırır, hətta sökürlər".
 
Qəsəbədə tikinti işi ilə məşğul olan usta ilə də həmsöhbət olduq. Usta bildirdi ki, evin sahibindən tikintini dayandırmağı tələb edirlər: "Bir neçə dəfə tikinti zamanı işimi yarımçıq dayandırıblar. İndi də gəlib, ev sahibindən 10 min manat pul istəyirlər. Burada icra başçısı konkret məzənnə qoyub, ikimərtəbəli ev tikmək üçün 10 min manat, üçmərtəbəli ev tikmək üçün isə 30 min manat rüşvət alırlar. Ona görə də, onlarla ev yarımçıq qalıb".  /
 






 

 

 

Google+ WhatsApp ok.ru